İdeal qarderobu necə təşkil etməli? FOTO

Bu günlərdə “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion Club” ın növbəti tədbiri keçirilib. Klubun təşkilatçısı Lyubov Quturova Poyraz, koordinasiyaçı Rinara Şəmsiyeva qonaqları açıq hovuzun kənarında toplayaraq açıq havada moda ilə bağlı müzakirələr aparmaq üçün şərait yaradıblar. Bakının yay axşamında “İdeal qarderob necə təşkil olunmalıdır?” mövzusu klub üzvləri arasında ətraflı müzakirə olunub. “Baku Fashion Club” yarandığı gündən öz ətrafında moda sahəsinin peşəkarlarını, ekspertlərini və həvəskarlarını toplayaraq daim müxtəlif mövzularda müzakirələr aparır. Tədbirin ənənəvi olaraq canlı yayım edilməsi tədbirə gələ bilməyənlərə uzaq məsafədən çıxışçılara qulaq asmaq imkanı verir. Qeyd edək ki, müzakirə olunan mövzu öz aktuallığına görə bütün dövrlər üçün çox mühümdür. Stilist və geyim alışı üzrə məsləhətçi Səbibə Əsəd qeyd edib ki, geyim seçimində ən çətin vəziyyət dolu qarderobun qarşısında dayanaraq uyğun geyimi tapa bilməməkdir. Səbinə Əsəd çıxışında ideal qarderobun necə olması və nədən təşkil edilməsi haqda ətraflı məlumat verib.

Bloqqer Aysel Mirzəyeva çıxışını işgüzar stilin və görünüşün yaradılması mövzunda edib. Aysel Mirziyeva qeyd edib ki, müsahibələrə və ya işgüzar görüşlərə getdikdə nə geyinilməsi haqda hər birimiz düşünmüşük. Qarderoba diqqətlə yanaşdıqda, geyimlər düzgün seçildikdə və əvvəlcədən geyimlərin imkanlarını düşündükdə, qarderob dolu olmadığı halda belə yeni görünüş ilə trenddə olmaq mümkündür.

Bloqqer Nigar Kərimova çıxışında qeyd etdi ki, rənglər düzgün seçilmədikdə ən gözəl qarderob belə görkəmsiz görünə bilər. Geyim rənglərinin düzgün uyğunlaşdırılması ilk dəfə olduğunuz yerdə qısa müddət ərzində düzgün təəssüratın, işgüzar əlaqələrin yaradılmasında, və gələcək işlərin gedişatında mühüm rol oynayır. İdeal qarderobun seçimi o qədər də çətin deyil. Rəqəmsal texnologiyalar əsrində internet resursların geniş imkanlarından istifadə edərək, evdən çıxmadan ideal görkəmi yaratmaq mümkündür.

Geyim istehsalı ilə məşğul olan “Tom Still” Azərbaycan brendinin nümayəndəsi Emiliya Sadıxova bildirib ki, fotosessiyalara hazırlaşdıqda, onlar düzgün görünüş modellərini yaratmağa çalışırlar və müştərilər bu geyim obrazlarından istifadə edə bilərlər. Bununla da ideal qarderobun yaradılması yolunu qısa etmək olar.

Həmçinin, çıxışçılar iştirakçıların və canlı yayımda izləyənlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə