"Ali təhsil müəssisələrində də imtahanlar TOEFL və IELTS-lə keçirilməlidir"

"Elm və təhsil ayrılmaz sahələrdir. Əgər bizim təhsilimiz axsıyacaqsa, bunum elmi də təsiri olacaq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Təhsil Nazirliyinin ötən ilki fəaliyyətinə həsr olunan konfransda çıxış edərkən deyib.

AMEA prezidenti bildirib ki, elm yüksək təhsilə arxalanmalıdır: "Əgər elm səmaya yüksələn bir ağacdırsa, onun kökü ali məktəbdir".

A.Əlizadə qeyd edib ki, Akademiyada son 5 il ərzində elmlə təhsilin inteqrasiyasısı istiqamətində addımlar atılıb: "Bu addımlar daha da şaxələndirilməlidir. Bildiyiniz kimi AMEA-da magistratura və doktorantura imtahanlarında TOEFL və IELTS-dən istifadə olunur. Hesab edirəm ki, ali təhsil müəssisələrində də imtahanlarında TOEFL və IELTS-ə keçməlidir. Həyat göstərdi ki, təxminən 3 ildə akademiyada qəbul olan doktorantların və magistratrların keyfiyyəti artmaqdadır. Bu cür qəbul olunan alimlər beynəlxalq konfranslarda sərbəst şəkildə diskussiya aparırlar. Bununla da gənclərin ingilis dili biliklərinin artırılmasına nail olmaq mümkündür".

A.Əlizadə qeyd edib ki, ali məktəblərin statusları bir birindən fərqlənməlidir: "Ali məktəblər orta məktəblərin davamı kimidir. Məncə bununla bağlı müzakirələr aparılmalı, təhlillər edilməlidir. Elə peşəkar gənclər hazırlanmalıdır ki, onlar müxtəlif avadanlıq və cihazlardan istifadə bacarıqları olmalıdır. Peşə tədrisində mühəndislik, informatika sahəsinə xüsusi diqqət ayrılmalıdır. Alimlərlə təhsilin vəhdəti gələcək uğurların təməlidir. Bu istiqamətdə sıx iş aparılmalı, vəhdət daha da artmalıdır. Akademiya yalnız özü üçün deyil, bütün dövlət üçün kadr hazırlayır. Ali məktəblər akademiyada dövlətin inkişafı naminə çalışmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə