Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində ölkəmizdə beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı, respublikamızın bu sahədə beynəlxalq əlaqələri daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcədən razılaşdırılmış Anlaşma Memorandumunun imzalanması məqsədilə iyunun 17-18-də İran İslam Respublikasının paytaxtı Tehranda səfərdə olub.

Səfər çərçivəsində Kamran Əliyev ilə qonşu ölkənin Baş Təftiş Təşkilatının sədri Nasir Seracın görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, antikorrupsiya sahəsində görülən işlər, eləcə də bu sahədə ixtisaslaşmış qurumlar olan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyət istiqamətləri və strukturu barədə ətraflı məlumat verilib, “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən danışılıb.

Naser Serac 2017-ci ildə Azərbaycan Respublikasında səfərdə olarkən ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli tədbirləri yüksək qiymətləndirib. O, təmsil etdiyi qurumun bu sahədə Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə səmərəli təcrübə mübadiləsi aparmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Sonda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə İran İslam Respublikasının Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

İyunun 18-də Azərbaycan nümayəndə heyəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) qərargahında qurumun baş katibi Halil İbrahim Akca arasında görüş keçirilib.

Görüşdə ECO-nun baş katibi ölkəmizin təşkilata verdiyi töhfələri xüsusi vurğulayaraq, Bakıda bu quruma üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasının yüksək səviyyəli təşkilinə görə Azərbaycanın siyasi rəhbərliyinə bir daha təşəkkürünü bildirib. O, həmçinin Azərbaycanın ECO-nun Korrupsiya Agentlikləri və Ombudsmanlarının Regional Əməkdaşlıq Mərkəzinə (RCCACO) qoşulmaq qərarından məmnunluğunu ifadə edib.

Həmin gün nümayəndə heyəti ilə İran İslam Respublikasının Məhkəmə və Ədliyyə Qüvvələrinin sədrinin ictimai və cinayətin qarşısının alınması məsələləri üzrə müavini Hakim Ülfət, Maliyyə Monitorinq Xidmətinin rəisi Nasiri Əliabad, iqtisadi işlər və maliyyə nazirinin investisiya, iqtisadi və texniki məsələlər üzrə müavini Məhəmməd Xəzai arasında keçirilmiş görüşlərdə müvafiq olaraq iki ölkənin ədliyyə, məhkəmə və maliyyə qurumlarının fəaliyyəti müzakirə olunub, hüquqi əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşlərdə bu sahələrdə Azərbaycanın müsbət təcrübəsinə xüsusi maraq göstərilib.

Azərbaycan Respublikasının nümayəndə heyəti, həmçinin İranın regionlarına səfər edərək Baş Təftiş Təşkilatının bölgələrdəki nümayəndəliklərinin fəaliyyəti ilə yaxından tanış olublar. Səfər çərçivəsində keçirilmiş görüşlərdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...