21 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə keçirilən hərraclarda elektron üsulların tətbiqi investorların bu sahəyə marağını artırır. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hərraca çıxarılan dövlət əmlaklarının iqtisadi cəhətdən müxtəlif sahələrə aid olması isə iştirakçılara geniş seçim imkanı verməklə arzuladıqları biznes layihələrini reallaşdırmalarına şərait yaradır. Bu da ölkədə özəl sektorun inkişafına dəstək olur.

Komitə tərəfindən keçirilən növbəti belə hərrac 20 iyun tarixində baş tutdu. Rəqabətli keçən hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisə və obyekti, 5-i nəqliyyat vasitəsi, 1-i yarımçıq tikili, 12-si isə qeyri-yaşayış sahəsidir.

Kiçik dövlət müəssisə və obyektləri Gəncə şəhərində, Yardımlı və Beyləqan rayonlarında, qeyri-yaşayış sahələrinin 1-i Sumqayıt şəhərində olmaqla digərləri Bakının Suraxanı, Sabunçu, Nəsimi, Nərimanov, Qaradağ və Xətai rayonlarında yerləşir.

Ümumi faydalı sahəsi 647 kv.m olan Yardımlı şəhərində yerləşən Əmlak kompleksi investor tərəfindən 32 min 500 manat ödəməklə özəlləşdirildi. Bu əmlak gələcəkdə sahibinə müxtəlif iqtisadi sahələrdə yüksək gəlir qazandıra biləcək. Hərracda özəlləşdirilən digər kiçik dövlət müəssisəsi isə Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 32 saylı mağazadır. Sahibkar ümumi faydalı sahəsi 47 kv.m olan bu obyekti yenidən quraraq pərakəndə satış prosesini həyata keçirə bilər. Ümumi faydalı sahəsi 126 kv.m olan Beyləqan şəhərində yerləşən 7 saylı xırda topdansatış müəssisəsi sifarişçi tərəfindən 4 min manat ödənilməklə özəlləşdirildi. Belə müəssisələr iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələrində fəaliyyətə cəlb oluna bilər.

Özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12 kv.m-419 kv.m aralığındadır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümümi faydalı sahəsi 419 kv.m olan qeyri-yaşayış sahəsi 210 min manata özəlləşdirilib. Qeyd edək ki, bu əmlak gələcəkdə ofis, xidmət və digər sahələrdə gəlirli obyekt kimi istifadə edilə bilər.

Hərracda sahibini tapan nəqliyyat vasitələri arasında Almaniya, Rusiya, İtaliya istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlardan BMW, Fiat kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi 2003-2008 illəri əhatə edir. Bu avtomobillərdən ikisi satışda rəqabətli mühit yaradıb. Belə ki, alıcılar arasında olan yüksək maraq və rəqabət nəticəsində ilkin qiyməti 2 min manata qədər olan QAZ 31105 və VAZ 21213 markalı avtomobillərin qiyməti 2 dəfədən çox artaraq hər biri 4 min 700 manata satılıb.

Keçirilən hərracın nəticələri ilə ətraflı tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir. Özəlləşdirmə portalında hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və məlumatlar mövcuddur. Hərracların elanı, gedişatı və nəticələri barədə informasiyalar komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə ötürülür.

Qeyd edək ki, Komitə tərəfindən növbəti hərrac 27 iyun tarixində keçiriləcək. Prosesə investorları cəlb edə biləcək 114 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...