“Qəhrəmanlıq unudulmur” adlı layihənin son tədbiri Lənkəranda keçirilib

Salyanda fəaliyyət göstərən “Ana Kür” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Qəhrəmanlıq unudulmur” devizi ilə gənclərin şəhid ailələrinə dəstək təşəbbüslərinin təşkili” layihəsinin son tədbirini keçirib. Layihə rəhbəri Rüstəm Məlikovun SİA-ya verdiyi məlumata görə, böyüməkdə olan gənc nəsil Azərbaycan xalqının tarixində baş vermiş hadisələrin səbəbini dərindən başa düşməli, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman oğullarımızı yaxşı tanımalı, onların qəhrəmanlıqları ududulmamalı, şəhid ailələrinə göstərilən diqqət qayğıda iştirak edən könüllülərin sayı çoxalmalıdır. Şuranın dəstəyi ilə üç ay müddətində icra olunmuş layihə çərçivəsində gənclərdə bu kimi hisslərin formalaşması üçün ictimai birlik tərəfindən müxtəlif tədbirlər keçirilib, yeni təşəbbüslərə dəstək göstərilib.

Şəhid ailələrinin həyatyanı ərazilərində məhsuldar meyvə ağaclarının əkilməsində, şəhid adları daşıyan məktəblərdə vətənin müdafiəsi uğrunda igidlik göstərərək həyatlarını qurban vermiş şəhidlərin ad günlərinin təşkilində, “Qəhrəmanlıq unudulmur” mövzusunda dəyirmi masaların keçirilməsində vətənin qəhrəman oğulları xatırlanıb, 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilən Milli Ordumuzun Aprel döyüşlərində göstərdiyi igidlik və qəhrəmanlıqlarından danışılıb.

Şəhid atası Cahangir Qaraşov icra olunan layihənin əhəmiyyətindən danışaraq, dövlətimiz tərəfindən xüsusi maliyyə yadrımının ayrılmasını şəhid ailələrinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Rayon peşə liseyinin direktoru Razıgül Dadaşova isə bildirib ki, rəhbərlik etdiyi təhsil ocağının məzunlarından 40 nəfəri torpaqlarımızın düşmən işğalından müdafiə edilməsində igidlik göstərərək şəhid olub. Bir nəfər məzun-Xanoğlan Məmmədov isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bizim üçün xoşdur ki, ictimai birlik layihə çərçivəsində liseyimizin şəhid məzunlarına həsr edilmiş “Qəhrəmanlıq unudulmur” adlı xatirə guşəsinin yaradılmasına dəstək verib.

Bakı şəhərinə səfər çərçivəsində yeniyetmə və gənclərin Fəxri Xiyabanda umummilli lider Heydər Əliyevin və Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarətləri, müxtəlif şeir parçaları ilə fikirlərini sərbəst və mükəmməl ifadə etmələri milli dəyərlərimizin qorunmasında və müdafiəsində gənclər arasında aparılan işin səviyyəsindən, layihənin qarşıya qoyduğu hədəflərə nail olunduğundan xəbər verir.

“Ana Kür” İctimai Birliyi layihə çərçivəsində son tədbirinə Lənkəran şəhərində yekun vurub. 25 nəfərdən ibarət turun heyətində gənclərlə yanaşı, Salyan rayonunun QHT təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər. Səfər avtobusu Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları tərəfindən müşaiyət olunub.

“Xalq Cümhuriyyəti ili”ndə, ordu quruculuğumuzun 100 illik yubileynin qeyd edildiyi günlər ərəfəsində keçirilən tədbirdə Lənkəran şəhərində doğulub boya -başa çatmış, ikinci dünya müharibəsində alman işğalçıları ilə müharibədə igidlik göstərərək iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun ev muzeyi ziyarət edilib. Muzeyin direktoru Tamara Fətullayeva cəmi 34 il yaşamış qəhrəmanın şərəfli döyüş yolu barədə məlumat verərək, xalqımızın yetirdiyi qəhrəman oğulların igidliklərinin heç zaman unudulmayacağını vurğulayıb, Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun döyüş qabiliyyətinin dünyanın ən qabaqcıl orduları səviyyəsində olması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Müzeyin 5 zalında Həzi Aslanovun şəxsi əşyaları ilə yanaşı, onun döyüş yolunu əks etdirən eksponatlar, layiq görüldüyü təltiflər, cəbhə dostları ilə çəkdirdiyi xatirə şəkilləri, istifadə olunmuş tank-döyüş sursatları salyanlı gənclərdə böyük təəssürat oyadıb. Muzeyin həyətində 100 il əvvəl qəhrəmanın özü tərəfindən əkilmiş innab ağacının altında indi məğrur- məğrur dayanan büstü önünə gül dəstələri qoyulub, xatirə şəkli çəkdirilib.

Səfər iştirakçıları Lənkəran şəhərinin görməli yerləri, tarixi mədəni həyatı ilə tanış olmaqla yanaşı, “Palıdlı Sahil” istirahət məkanında yemək və çay süfrəsi arxasında söhbət ediblər. İctimai Birlik tərəfindən iştirakçılara “Ana Kür” qəzetinin maarifləndirici materiallar çap

edilmiş sayları, hələ də işğal altında olan ərazilərimiz barədə məlumatı əks etdirən vərəqələr və Azərbaycan Bayrağının stolüstü nümunələri paylanıb. Salyanlı yeniyetmə-gənclər zəngin təəssüratla doğma rayona qayıdıblar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...