Nazir sağlamlıq imkanları məhdud gənclərlə görüşüb FOTOLAR

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində olub. Nazir Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə Mərkəzdə keçirilən tədbirdə iştirak edib, burada peşə reabilitasiyasına cəlb olunan sağlamlıq imkanları məhdud gənclərlə görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, gəncləri bayram münasibətilə təbrik edən S.Babayev ümummilli lider Heydər Əliyevin əlilliyi olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud gənclərə, onların sosial təminatının artırılmasına, cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı göstərdiyini vurğulayaraq deyib: “Son 15 ildə Prezident İlham Əliyevin uğurlu sosial inkişaf kursu bu istiqamətdə dövlət siyasətinin daha da güclənməsinə, həmin insanların sosial reabilitasiya və cəmiyyətin həyatında iştirak imkanlarının genişlənməsinə şərait yaradıb”.

Nazir diqqətə çatdırıb ki, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan müasir şərait dövlətimizin başçısının belə gənclərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir. Burada sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələrə yiyələnirlər. Onların mərkəzdə əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə, məşğulluqlarının təminatına da diqqət artırılacaq. Eyni zamanda, həmin gənclərin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluğunun təminatı üçün müvafiq işlər görüləcək.

“Sağlamlıq imkanları məhdud insanların öz üzərində çalışmaqla fiziki məhdudiyyətlərinə qalib gələrək böyük uğurlara nail ola bilməsinə dair həyatda kifayət qədər nümunələr var. Siz də daim öz bacarıq və qabiliyyətinizi təkmilləşdirməklə həyatda özünüzü təsdiq etməyə, uğur qazanmağa doğru irəliləməlisiniz. Biz bu yolda daim sizə yaxından dəstək olacağıq”, - deyə S.Babayev vurğulayıb.

Gənclər onların sosial təminatlarının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, o cümlədən məşğulluqlarının dəstəklənməsi üçün ölkədə aparılan fəal dövlət siyasətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

S.Babayev mərkəzdə peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə, sinif və emalatxanalarla, gənclərin xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s. növlərdə hazırladıqları əl işləri ilə tanış olub. Nazir bildirib ki, gənclərin əl işlərinin müxtəlif sərgilərdə nümayişi təmin olunmaqla, onların satışının təşkili imkanları da araşdırılacaq.

Tədbir iştirakçıları sağlamlıq imkanları məhdud gənclərin boccia idman növü üzrə yarışını da izləyiblər. Nazir S.Babayev gənclərlə birgə boccia yarışında iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə