Mərkəzi Nəbatat Bağında plastik qabların toplanması üçün konteynerlər quraşdırılıb FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik tullantıların idarə olunması ilə bağlı təşəbbüslə çıxış edib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın SİA-ya verdiyi məlumata görə, plastik tullantıların toplanması üçün xüsusi konteynerlər sifariş verilib və həmin konteynerlər paytaxtın bir neçə yerində quraşdırılıb.

Bu gün konteynerlərin quraşdırılması prosesi Mərkəzi Nəbatat Bağında baş tutub. Mətbuat nümayəndələrinə, bağa istirahət etməyə gələn qonaqlara plastik qabların həm insan orqanizminə, həm də təbiətə vurduğu ziyan haqqında məlumat verilib.

Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev belə xeyirxah təşəbbüs irəli sürdüyü üçün ETSN-ə təşəkkürünü bildirib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə bağda plastik tullantıların çeşidlənməsi üçün konteynerlərin quraşdırılmasını yüksək qiymətləndirirəm. Məlumdur ki, bağa istirahət, yaxud gəzməyə gələnlər özləri ilə plastik qablarda müəyyən ərzaq məhsulları, içkilər gətirirlər. Həmin qabların çeşidlənməsi üçün konteynerlər quraşdırılanda ətraf mühit də təmiz qalar. Əks təqdirdə bundan həm təbiət, həm də insanlar ziyan çəkər. Biz də ETSN-nin bu təşəbbüsünə qoşuluruq".

Nəbatat bağına gələn şəhər sakini Fidan Zeynalova bildirib ki, Nazirliyin təşəbbüsü bizi də sevindirdi: "Bura dostlarımızla gəzməyə gəlmişik. Nazirliyin təşəbbüsü ilə quraşdırılan konteynerlər plastik qabların təbiətə ziyan vurmasının qarşısını alacaq. Bəllidir ki, plastik qabların biosferə qarışması min illər şəkir. Bu da təbiətə ziyan vurur. Şəhərin bir neçə yerində belə konteynerlərdən görmüşəm. Düşünürəm ki, bu çox gözəl təşəbbüsdür".

Paytaxt sakini Aytac Zeynallı isə bildirib ki, təbiəti qotumaq hər birimizin borcudur: "Təşəbbüsə biz gənclər də qoşuluruq. Düşünürəm ki, belə konteynerlərin quraşdırılması ilə şəhərimiz təmiz qalacaq və biz gələn çoxminli qonaqlara Azərbaycanımızı lazımi səviyyədə təqdim edə biləcəyik. ETSN-ni təşəbbüsünü bəyənir və alqışlayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...