Təkrar emal müəssisələri ETSN-in təşəbbüsünə qoşulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların təkrar emalı ilə məşğul olan “Azərsun Holdinq”, “Metak”, “Azekol” şirkətlərinin və “Təmiz Şəhər” ASC-nin nümayəndələri ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə plastik tullantıların idarə olunması, ətraf mühitə təsirlərinin azaldılması, çeşidlənməsi, təkrar emalı və mövcud vəziyyətdən çıxış yolları istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

ETSN-in təşəbbüsü ilə plastik tullantıların toplanması məqsədilə sifariş verilmiş xüsusi konteynerlərin Bakı şəhərindəki bir çox parklarda yerləşdirildiyi şirkət nümayəndələrinin diqqətinə çatdırılıb. Şirkət nümayəndələri nazirliyin bu təşəbbüsünə qoşularaq dəstək nümayiş etdirdiklərini, birgə təxirəsalınmaz tədbirlərin və bu sahədə maarifləndirmə işlərinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Yekunda plastik tullantıların ətraf mühitə yaratdığı problemlərin sivil yollarla aradan qaldırılması məqsədilə birgə tədbirlərin görülməsi barədə razılığa gəlinib.

ETSN hər kəsi plastik tullantıların idarə edilməsi işinə dəstək olmağa, onlardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə öz töhfələrini verməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə