Binəqədi rayonunda "Sözün hikməti" adlı kitabın təqdimatı keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın baş təlimatçısı, Binəqədi Bələdiyyəsinin üzvü Kubra Əliyarlının sayca ikinci kitabı olan "Sözün hikməti"» adlı kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, kitabın ön söz müəllifi Ramiz Göyüşov Kubra Əliyarlının uğurlu ictimai-siyasi və yaradıcılıq fəaliyyətindən ətraflı danışıb. Müəllifin yaradıcılıq uğurlarını diqqətə çatdıraraq, bu uğurların davamlı olacağına inamını ifadə edib. Yaradıcılıq fəaliyyətinin istedad tələb etdiyini və bu xoşbəxtliyin isə hər kəsə nəsib olmadığını vurğulayaraq, müəllifə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən "Sözün hikməti" kitabının müəllifi Kubra Əliyarlı kitabın ərsəyə gəlməsi haqqında məlumat verib. Bildirib ki, bu kitab 300-dən artıq aforizmi əhatə edir. Aforizmlərin, hikmətli sözlərin insan həyatındakı ciddi maarifləndirici rolundan danışaraq, sözün nə qədər qiymətli və dəyərli bir xəzinə olduğunu xüsusi vurğulayıb. Müəllif yaradıcılıq fəaliyyətini bu və ya digər janrlarda bundan sonra da davam etdirəcəyini bildirib. Göstərilən dəstəyə görə, tədbir iştirakçılarına təşəkkürünü çatdırıb.

YAP Binəqədi rayon təşkilatının şura üzvü, 284 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, fəlsəfə doktoru Nizami Novruzov kitabdakı çox böyük İlahi sevgidən bəhs edib. Gənc bir yazar Kubra Əliyarlının aforizmlərində İlahi sevgini və İlahi ədaləti bu qədər yüksək səviyyədə tərənnüm etdirməsinin təqdirəlayiq olduğunu söyləyib. Bu cür yaradıcı və istedadlı gənclərin bütün gənclərimizə örnək olduğunu diqqətə çatdırıb.

YAP Binəqədi rayon təşkilatının şura üzvü, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək, gənclərin yaradıcılığa, ədəbiyyata maraqla yanaşmasının və öz istedadları üzərində çalışaraq, onu daha da inkişaf etdirməsinin vacibliyini bildirib. O, müəllifi təbrik edərək, yaradıcılıq uğurları arzu edib.

Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı gənclərin uğurlarının digər yaradıcı gənclərə əsl stimul olduğunu və bu cür kitabların ərsəyə gəlməsinin böyük zəhməti hesabına başa gəldiyini diqqətə çatdırıb. K.Əliyarlını ictimai-siyasi həyatda yaxından tanıdığını, eyni zamanda, onun yaradıcı bir gənc olduğunu vurğulayıb.

Şair Adil Həmidov müəllifi bir neçə şeir parçası səsləndirməklə təbrik edərək, ona yaradıcılıq uğurları arzulayıb. O, müəllifi öz üzərində daim çalışan, savadlı, bilikli bir insan kimi tanıdığını və fəaliyyət göstədiyi digər sahələrdə olduğu kimi yaradıcılıq sahəsində də daha böyük zirvələri fəth edəcəyinə əminliyini bildirib.

Biləcəri Bələdiyyəsinin sədr müavini Samirə Həsənova da çıxışında müəllifə ən xoş arzularını bildirərək, onun yeni kitabının oxucular tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu qeyd edib.

Tədbirdən sonra xatirə şəkli çəkdirilib. Kitabların imzalanması mərasimi keçirilib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə