Vikipediyada "AXC ayı"nın nəticələri açıqlanıb

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediyada Mövzulu ay layihəsi çərçivəsində " Azərbaycan Xalq Cümhuriyyəti" ayı nəticələrinə həsr olunan "AMEA MEK-in Azərbaycan İnformasiya Təhlükəsizliyinə və Azərbaycan həqiqətlərinin təbliğinə töhfəsi. Vikipediyada AXC ayı" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA MEK-in direktoru Leyla İmanova və digərləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə ilk çıxış edən İsa Həbibbəyli bildirib ki, Azərbaycan uzun illər özünü dünyaya tanıtmaq istəsə də,bu mümkün olmurdu. Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Ulu öndərin Azərbaycana qayıdışı nəticəsində sözün əsil mənasında ölkəmizi bütün dünya qəbul etdi:" Ulu öndərin Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən həyata keçirdiyi işlər ölkəmizin müstəqillik qazanması üçün zəruri oldu. Azərbaycanda milli ziyalılığın müdafiə olunması, dilimizin dövlət dili kimi qəbul olunması kimi məsələlər Ulu Öndərin Azərbaycan xalqının yenidən müstəqilliyinə qovuşması üçün gördüyü işlərdən idi. Ulu Öndər Azərbaycanı parçalanmaqdan qoruyaraq müstəqilliyimizi qoruya bildi. Bu müstəqilliyi inkişaf etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi işlər nəticəsində dünyada lider dövlətə çevrilib. Prezidentin müstəqil siyasəti nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarda təmsil olunur, nüfuzu gündən- günə artır". İ. Həbibbəyli qeyd edib ki, Azərbaycan həqiqətlərinin yayılması üçün vikipediyanın böyük rolu var: "Azərbaycan bundan səmərəli istifadə etmək üçün addımlar atır. Əvvəllər vikipediyadan çox az insan istifadə edirdisə, hazırda vikipediya gündəlik informasiya mənbəyimizə çevrilib. Bu gün dünyada ən zəngin kitabxana məhz vikipediyadadır. Buna görə biz vikipediyada Azərbaycan həqiqətlərinin geniş şəkildə yer almasına çalışmalı, bundan yüksək səviyyədə istifadə etməliyik".

AMEA-nın vitse-prezidenti söyləyib ki, bu gün gənclərimiz vikipediyadan daha çox istifadə edən kateqoriyaya daxildir: "Vikipediyada Azərbaycanın yerini qorumaq hər birimizin borcudur. Vikipediyanın öz formatı var. Bu formatı öyrənib, orada məqalə yerləşdirmək imkanlardan istifadə etmək vacibdir. MEK bu işi məsuliyyətlə həyata keçirir. Biz peşəkar vikipediya könüllüləri yetişdiririk. MEK bu işi diqqətdə saxlayır. Bunun nəticəsidir ki, Azərbaycanın vikipediyadan mövqeyinin təqdimatında irəliləyiş var".

Daha sonra çıxış edən AMEA MEK-in direktoru Leyla İmanova MEK-in Azərbaycan İnformasiya təhlükəsizliyi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində apardığı sistemli fəaliyyətindən, MEK Sərbəst elektron resurslar şöbəsi nəzdində Vikipediya Metodik Mərkəzinin "AXC-100" mövzusuna verdiyi töhfədən və bu istiqamətdə gələcək planlardan danışıb. Sonra MEK Sərbəst elektron resurslar şöbəsi nəzdində Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyəti 100 illik yubileyi ilə bağlı hazırladığı, AXC-NİN banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin istiqlalımız haqqında fikirlərini öz səsində təqdim edən audio-çarx səsləndirilib.

Tədbirdə qeyd olunub ki, MEK Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən vikipediyada 500-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub. Sonda Vikipediya sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup vikipediyaçı MEK tərəfindən təşəkkürnamələrlə təltif edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə