Akademik Əhəd Yaqubovun 110 illik yubiley yığıncağı keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim, tanınmış ictimai xadim, akademik Əhəd Yaqubovun 110 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, ilk olaraq iştirakçılar I Fəxri Xiyabanda akademik Əhəd Yaqubovun məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Akademiyanın Əsas binasında təşkil olunan tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında" 29 mart 2018-ci il tarixli Sərəncamını xatırladan akademik Akif Əlizadə vurğulayıb ki, bu sənəd elmimizə və alimlərimizə dövlət qayğısının daha bir göstəricisidir.

AMEA rəhbəri bildirib ki, Əhəd Yaqubov Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr verib, yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib. Akademikin verdiyi proqnoz nəticəsində sonralar zəngin neft yataqlarının aşkar edildiyini deyən natiq əlavə edib ki, tanınmış alim-vulkanoloqun əsas uğurlarından biri də Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda keçmiş SSRİ-də ilk palçıq vulkanizmi laboratoriyasını təşkil etməsidir.

Natiq akademikin elmi fəaliyyətindən danışarkən bildirib ki, Ə.Yaqubovun tədqiqatı Azərbaycandan çox uzaqlarda da yüksək qiymətləndirilib. Londonda nəşr olunan “Nature” jurnalında onun məhsuldar elmi fəaliyyətinə və çap olunan əsərinə həsr olunan “Doktor Ə.Ə.Yaqubov” məqaləsi dərc edilib.

Akademik Akif Əlizadə görkəmli alimin həm də böyük ictimai xadim olduğunu deyib: "Əhəd Yaqubov müxtəlif illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK katibinin müavini və MK-nın neft sənayesi üzrə şöbə müdiri, SSRİ-nin İrandakı səfirliyinin məsləhətçisi – işlər vəkili olub”.

AMEA-nın prezidenti qeyd edib ki, Ə.Yaqubovun neft-qaz sahəsində xidmətləri hökumət tərəfindən yüksək qiymətləndirilib. O, iki dəfə “Lenin”, “Şərəf nişanı” və “Oktyabr inqilabı” ordenləri, Böyük Vətən müharibəsində “Qafqazın müdafiəsinə görə”, “Rəşadətli əməyə görə” medalları ilə təltif edilib, SSRİ-nin “Fəxri neftçisi” adına, iki dəfə birinci dərəcəli SSRİ Dövlət Mükafatına layiq görülüb.

Ə.Yaqubovun sadə, zəhmətsevər, yüksək və həssas duyuma malik ziyalı olduğunu deyən akademik Akif Əlizadə alimlə bağlı xatirələrini də bölüşüb. Natiq qeyd edib ki, Ə.Yaqubovun elmi və təşkilatı fəaliyyəti Azərbaycan geoloq alimlərinin cavan nəsli üçün ibrətamiz həyat örnəyidir. Onun Azərbaycan elmində əvəzsiz xidmətlərinin olduğunu vurğulayan natiq alimin xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Tədbirdə AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri, g-m.ü.e.d., professor Adil Əliyev “Akademik Ə.Ə.Yaqubov Azərbaycanda palçıq vulkanizminin banisidir” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, akademik Ə.Yaqubov indiki Azərbaycan Neft və Sənaye Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında Geoloji sektorun əməkdaşı və Elmi katibi vəzifəsində çalışıb.

Natiq alimin elmi fəaliyyəti dövründə bir çox uğurlara layiq görüldüyünü deyib: “1972-ci ildə akademik Ə.Yaqubovun rəhbərliyi ilə tərkibində iki laboratoriya və daimi fəaliyyət göstərən ekspedisiyası olan Palçıq Vulkanı Sektoru yaradılıb və Geologiya İnstitutu palçıq vulkanizmi problemi üzrə əsas elm mərkəzi kimi tanınıb. 1974-cü ildə tərtib edilən “Azərbaycanın palçıq vulkanları” xəritə-maketə görə Ə.Yaqubov SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin gümüş medalına, Geologiya İnstitutu isə birinci dərəcəli Diploma layiq görülüb”.

A.Əliyev bildirib ki, Ə.Yaqubov 40-dan çox fəlsəfə, 10-a yaxın elmlər doktoru yetişdirib, 200-dən çox elmi əsər və hesabatın, o cümlədən 20 kitabın müəllifidir.

Akademik Ə.Yaqubovun adının Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutuduğunu, hələ uzun illər gələcək nəsillər üçün nümunə olacağını deyən natiq görkəmli alimin əziz xatirəsinin hər zaman yaşayacağını əlavə edib.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı "Ə.Ə.Yaqubov: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi – görkəmli alim-geoloq" mövzusunda məruzə ilə çıxış edib. Alim akademik Ə.Yaqubovun XX əsr Azərbaycan elminin parlaq simalarından biri kimi səciyyələndirərək onun ADNSU-nun sələfi, o zamankı Azİİ-də təhsil aldığı və daha sonra çalışdığı dövr haqqında məlumat verib.

1941-ci ildə Ə.Yaqubovun SSRİ Elmlər Akademiyasının Yanar Qazıntı Yataqları İnstitutunun Elmi Şurasında görkəmli akademik Zelinskinin sədrliyi ilə keçirilən müdafiədə birbaşa doktor dərəcəsi aldığını qeyd edən rektor onun palçıq vulkanları üzrə dünya səviyyəli alim olduğunu vurğulayıb.

Natiq bildirib ki, 70 illik ömrünün 45 ilini palçıq vulkanları probleminə və neft-qaz yataqlarının axtarışına həsr edən akademik Moskvada Qubkin adına Neft İnstitutuna rəhbər olmaq təklifini geri çevirərək həyatının mənasını xalqına xidmət etməkdə, gələcək geoloq-neftçilərin, o cümlədən vulkanoloqların yetişdirilməsində görüb.

Əzmkar fəaliyyəti ilə özündən sonra elmi məktəb qoyan Ə.Yaqubovun Azərbaycan dilində geologiya sahəsində ilk dəfə yazılan dərsliklərin, bir sıra elmi-metodik işlərin müəllifi olduğunu bildirən M.Babanlı onun əziz xatirəsinin akademik üçün doğma olan ADNSU-da hər zaman yaşayacağını söyləyib.

İclasda akademik Xoşbəxt Yusifzadə, geologiya-minerologiya elmləri doktoru Rahid Rəhmanov, Yer elmləri üzrə fəlsəfə doktoru Adilə Kabulova, geologiy-minerologiya üzrə elmlər doktoru, professor Hikmət Mahmudov çıxış edərək akademik Əhəd Yaqubovun həyat və elmi fəaliyyətindən danışıblar, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Sonra çıxış edən mərhum akademikin oğlu Rasim Yaqubov alimlə bağlı xatirələrini bölüşüb, ailə üzvləri adından yığıncağın təşkilinə görə AMEA rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirin sonunda akademik Əhəd Yaqubovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə