AMEA Naxçıvan Bölməsində Milli Qurtuluş Günü qeyd edilib

Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılmış 15 İyun-Milli Qurtuluş Günü AMEA Naxçıvan Bölməsində qeyd olunub. Bölmədə SİA-ya verilən xəbərə görə, tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib.

Bildirib ki, 25 il əvvəl xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Məhz bu tarixi qayıdış Azərbaycanı daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi.

Akademik qeyd edib ki, bütün həyatını Azərbaycana həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Milli Qurtuluşun əsası qoyuldu və 15 iyun 1993-cü il mühüm siyasi hadisə kimi Azərbaycan xalqının tarixində yeni bir dövrün başlanğıcını oldu.

Azərbaycan bu gün dünyanın lider ölkəsinə çevrilib-deyən İsmayıl Hacıyev Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin bu gün Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirildiyini bildirib.

Daha sonra Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, bütün ömrünü öz xalqının, millətinin xoşbəxt gələcəyinə həsr edən müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyata keçirdiyi tədbirlər bütün sahələri əhatə edən inkişafın möhkəm əsaslarını yaradıb. Ölkəmizin hərtərəfli və sürətli inkişafı, xarici siyasətdəki uğurları, vətəndaşların rifahı naminə həyata keçirilən qlobal layihələr bu gün Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

Sonda Biоresurslar İnstitutunun direktоru, akademik Tariyel Talıbоv, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əbülfəz Quliyev mövzu ilə bağlı çıxış ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...