Bilik Fondu Milli Qurtuluş Gününü bölgələrdə qeyd edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bölgələrdə bir sıra maarifləndirici tədbirlər təşkil edib. Bilik Fondundan SİA-ya bildirilib ki, iyunun 12-də Ağstafa Regional Bilik Evində, ertəsi gün isə Şəmkir Bilik Evində Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevanın "Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir" mövzusunda mühazirəsi keçirilib.

Ağstafa Regional Bilik Evinin müdiri Leyla İsayeva bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyaraq, ölkəmizdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və bununla da inkişafın təməlini qoyub. Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Bilik Fondunun baş məsləhətçisi Almaz Axundova çıxış edərək bu tarixi günün əhəmiyyətindən bəhs ediblər.

Şəmkir Bilik Evində keçirilən tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Davud Süleymanov Ümummilli Liderin şəxsiyyətinin, onun özünəməxsus siyasi idarəetmə qabiliyyətinin, qətiyyəti və uzaqgörənliyinin xalqımızı azərbaycançılıq ideyası ətrafında birləşdirdiyini qeyd edib.

Mühazirəçi S.Əliyeva ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirib. Bildirilib ki, məhz bu dövrdə Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlayıb, qarşıda duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb.

Daha bir maarifləndirici tədbir İsmayıllı Bilik Evində yerli gənclərin iştirakı ilə keçirilib. Bilik Evinin müdiri Sevinc Novruzova, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Elnarə Qasımova, Bilik Evində təşkil olunmuş “Kompüter texnologiyaları və kargüzarlıq işi” kursunun təlimçisi Nərmin Baxışlı çıxış edərək Milli Qurtuluş Gününün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar.

Qeyd olunub ki, məhz 1993-cü il iyunun 15-dən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...