Batabat Astrofizika Rəsədxanasının layihəsi beynəlxalq qrant müsabiqəsinin qalibi olub

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rusiya Fundamental Tədqiqatlar Fondunun birlikdə keçirdiyi beynəlxalq qrant müsabiqəsinin qalibi olub. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, "Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri" adlı qrant layihəsinin yerinə yetirilməsində Batabat Astrofizika Rəsədxanasınin əməkdaşları ilə birlikdə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və Rusiya Elmlər Akademiyasının Yer maqnetizmi, İonosfera və Radiodalğaların yayılması İnstitutunun alimləri də iştirak edəcək.

Qeyd edək ki, Batabat Astrofizika Rəsədxanasının rəhbərlik edəcəyi qrant layihəsi 2 il müddətində yerinə yetiriləcək. Layihə çərçivəsində aparılacaq elmi-tədqiqat işlərinin əsas istiqamətləri Günəş-Yer əlaqələrinin fizikası həm Günəşdə, həm də yerətrafı fəzada baş verən bəzi fəal hadisələrin biosistemlərə təsiri sahəsində olacaq. Layihədə Günəş və qeofiziki fəallığın biosistemlərə ümumi təsirinin nəzəri əsaslarının işlənib hazırlanması ilə yanaşı, bu amillərin bilavasitə Qafqaz regionuna xüsusi təsiri də tədqiq ediləcək. Nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə alınacaq elmi nəticələr bioloji və ekoloji sistemlərlə bağlı bəzi proseslərin uzunmüddətli proqnozlaşdırılması məsələlərinin həllinə köməklik göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə