“Vətənin müdafiəsinə hazıram!”

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. SİA-nın verdiyi məlumata görə, Xidmətin 2018-ci il üçün fəaliyyət planına əsasən, 13 iyun 2018-ci il tarixdə Qax Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.

Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Rasim Şirinov, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ölkəmizdə bütün sahələrdə olduğu kimi gənclər siyasətində də mühüm uğurların əldə olunduğunu qeyd edib. M.Şəkiliyev bildirib ki, dövlət gənclər siyasətinə müvafiq olaraq müxtəlif proqramlar, layihələr və silsilə tədbirlər həyata keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən danışıb. R.Şirinov tədbirdə Qax rayon məktəbliləri arasında keçirilmiş yazı müsabiqəsinin qaliblərinin də təltif ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə şəhid ailəsinin nümayəndəsi, müharibə veteranı, “gənclərin çağırışaqədərki hazırlığı” fənni müəllimi, “gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə yüksək nailiyyət göstərən şagird‚ həmçinin Qax rayon məktəblərinin şagirdləri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Qax rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...