Rəhbər vəzifələr üzrə test imtahanı başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. DİM-dən SİA-ya verilən məlumata görə, imtahanda 52 namizəd iştirak edib.

İmtahan nəticələrinə əsasən, AA3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 3 nəfər, AC4 altqrupu üzrə isə 2 nəfər olmaqla, ümumilikdə 10 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün mayın 29-dan iyunun 11-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 29-31 may tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə