“Youthvision 2018” III Beynəlxalq Mahnı müsabiqəsinin qalibi bəlli oldu

Gənclər və İdman Nazirliyi, Tələbə Gənclər Təşkilatları İttifaqı və Qızıl Qala production ilə birgə Bakı şəhərində “Elektra Events Hall”da “Həmişə gənc” şüarı altında “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsinin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqədə 14-35 yaşarası gənclər iştirak edib.

Tədbirin açılışından öncə Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş videoçarx göstərilib.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu müsabiqədə həm Azərbaycanın, həm də ölkəmizə qonaq gələn müxtəlif ölkələrin gəncləri öz istedadlarını nümayiş etdirirlər. Layihə çərçivəsində çoxlu sayda yaradıcı gənc milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq gözəl dostluq ailəsi formalaşdırır. Ölkəmizdə Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə dünya ölkələrindən gənclərin respublikamıza gəlməsi və beynəlxalq tədbirdə iştirak etmələri sevindirici haldır. Bu, eyni zamanda, ölkəmizin qədim dövlətçilik tarixinin onlara təbliği baxımından da yaxşı imkanlar açır.

Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən danışıb, belə tədbirlərin dünya gənclərini bir araya gətirdiyini, onlar arasında əlaqələrin qurulmasında mühüm rol oynadığını deyib.

20 may tarixindən start götürən müsabiqədə 23 müxtəlif dövlətdən - Azərbaycan, ABŞ, Latviya, Xorvatiya, Rumıniya, Pakistan, Moldova, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Almaniya, Tacikistan, Qazaxıstan, Uqanda, Ukrayna, Belarus, Macarıstan, Qırğızıstan, Litva, Serbiya, İtaliya, İran, Rusiya və İsrail dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edib. Xorvatiya, ABŞ, Latviya, Litva, Pakistan, Rumıniya, Türkiyə və Uqanda “Youthvision” mahnı müsabiqəsində ilk dəfədir iştirak edir.

Sonra çıxışlar olub, səsvermə yolu ilə qaliblər seçilib. Birinci yeri 154 xal ilə Uqanda, ikinci yeri 144 xal ilə Moldova, üçüncü yeri isə 100 xal ilə Belarus və Serbiya təmsilçiləri tutublar. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub. Azərbaycan isə 56 xal ilə 9-cu yerdə qərarlaşıb.

Müsabiqə çərçivəsində qaraciyər serrozundan əziyyət çəkən Beyləqan rayon sakini Tural Hacıyevin müalicəsinə vəsait toplamaq məqsədilə xeyriyyə aksiyası da keçirilib.

Xatırladaq ki, ötən il keçirilən “Youthvision 2017” Beynəlxalq Mahnı müsabiqəsinin qalibi Gürcüstan (109 xal), 2-ci yeri Qırğızıstan (100 xal), 3-cü yeri isə Moldova (97 xal) təmsilçiləri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə