Rektor: "Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə tarix yazdı"

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfransda ali məktəbin professor-müəllim heyəti və tələbələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tarix institutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, həmin institutun tarixçi alimləri Cəbi Bəhramov, Asim Qafqarov, Ədalət Qasımov və İradə Əliyeva iştirak ediblər. SİA xəbər verir ki, konfransdan əvvəl universitetin foyesində AMEA-nın Tarix institutunun araşdırmaları olan kitablardan ibarət sərginin açılışı olub. Tədbir iştirakçıları sərgidə tariximizi əks etdirən kitablarla tanış olublar. Sərgilənən kitablar BMU-nun kitabxanasına hədiyyə edilib.

Konfrans Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Universitetin rektoru, professor Havar Məmmədov çıxışında 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə tarix yazdığını qeyd edib. Sovet ittifaqı dövründə Xalq Cümhuriyyətinin unutdurulmasına çalışılsa da, xalqımızın dəyərli alimləri bu sahədə araşdırma aparıb, kitablar yazıblar.

Prezidentimiz İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamında da qeyd etdiyi kimi, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Rektor bayram münasibətilə konfrans iştirakçılarını təbrik edib.

AMEA-nın Tarix institutunun direktoru Yaqub Mahmudov hər bir xalqın öz tarixini bilməsinin vacibliyindən danışıb. Tarixdə elə xalqlar olub ki, daim dövlətlərini qurmaq üçün mübarizə aparıblar. Azərbaycan xalqı da bu xalqlar arasındadır. Bizim dövlətçilik tariximizdə çox dəyərli tarixi şəxsiyyətlər də olub.

Akademik Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixindəki rolundan danışıb. İştirakçılar hər bir tarixi hadisəni faktlarla izah edən alimi diqqətlə dinləyib ona təşəkkür ediblər.

Konfrans universitetin özfəaliyyət dərnəklərinin hazırladığı bədii hissə ilə bitib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə