Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Helsinkidə konsert təşkil edilib

Azərbaycanın İsveçdə və Finlandiyadakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Helsinkidə konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Helsinkinin məşhur Kamp otelində keçirilən konsertdə Finlandiyanın dövlət və hökumət nümayəndələri, bu ölkənin xarici işlər nazirinin müavini Samuli Virtanen, Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Eero Lehti və parlamentin deputatı Antero Eerola, Helsinkidə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli alimlər, Finlandiya ictimaiyyətinin, habelə Azərbaycan və türk icmalarının nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Adış Məmmədov Azərbaycan tarixindən ətraflı söz açıb. O, 1918-ci ilin 28 may tarixində xalqımızın özünün müstəqilliyini elan etdiyini və müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurduğunu bildirib. “Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddət ərzində demokratik cəmiyyətin formalaşması istiqamətində mühüm addımlar ataraq, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquq və azadlıqlarını təmin edib. Avropanın bir çox dövlətlərində qadınların seçmək və seçilmək hüquqlarının olmadığı bir dövrdə, Azərbaycanda 1918-ci ildə qadınlara bu hüququ verilib. Respublika qısa bir müddətdə özünün beynəlxalq əlaqələrini də qurmağa nail olub”, - deyə diplomat vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu barədə məlumat verən Adış Məmmədov uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, xalqımızın dövlətçilik hisslərini heç vaxt itirmədiyini və Azərbaycan xalqının 1991-ci ildə Sovet İttifaqının dağılması ilə yenidən müstəqil dövlət qurmağa nail olduğunu bildirib.

Qeyd edilib ki, dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı regionda baş verən siyasi çəkişmələrə, ölkə daxilindəki siyasi böhrana və Ermənistan tərəfindən elan edilməmiş müharibə təhlükəsinə baxmayaraq, dövlətinə sahib çıxdı. Diplomat Azərbaycanın bu gün regionun siyasi əhəmiyyət kəsb edən dövlətinə çevirdiyini xüsusi qeyd edib. Artıq Azərbaycan böyük diqqət cəlb edən və bir çox maraqların toqquşduğu coğrafi məkanda inkişaf etmiş dövlətə çevrilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan dövlətçilik siyasəti XX əsrin sonunda daha geniş şəkildə həyata keçirildi, yeni geosiyasi reallıqlara uyğun yeni Azərbaycan formalaşdırıldı. Səfir deyib: “Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan milli dövlətçilik siyasəti XX əsrin sonunda daha geniş şəkildə həyata keçirildi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yeni geosiyasi reallıqlara uyğun yeni Azərbaycan formalaşdırıldı. Bu gün də həmin siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində Azərbaycan gün-gündən yeni uğurlara imza atır”.

Sonra Adış Məmmədov müstəqilliyinin bərpasından ötən 27 il ərzində Azərbaycan Respublikasının çoxlu sayda beynəlxalq və regional təşkilatlara qoşulduğunu, çoxtərəfli əməkdaşlığı inkişaf etdirdiyini, bu təşkilatlar çərçivəsində regional və beynəlxalq təhlükəsizlik problemlərinin həllindəki, ədalətli dünyanın qorunması işindəki mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan neft və qaz ölkəsi kimi Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynadığını vurğulayan Adış Məmmədov TANAP və TAP qaz kəmərlərinin əhəmiyyətlərindən ətraflı danışıb.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Adış Məmmədov deyib: “Münaqişə nəticəsində artıq 26 ildir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilib, ərazilərdəki azərbaycanlılara məxsus mədəni abidələr erməni hərbi birləşmələri tərəfindən yer üzündən barbarcasına silinib”. Diplomat ermənilərin bu terrorizmini “Taliban” və “İŞİD”in əməlləri ilə müqayisə edib.

BMT Təhlükəsizlik Şurası, Avropanın siyasi institutları və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzkar siyasətini pisləyən çoxsaylı qətnamələrin qəbul olunduğunu bildirən diplomat qeyd edib ki, bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etməsi tələb olunur. Lakin təəssüf ki, Ermənistanın bu günə qədər həmin qətnamələrə məhəl qoymur və təcavüzkar siyasətini davam etdirir.

Çıxışında Finlandiya-Azərbaycan münasibətlərinə toxunan səfir Adış Məmmədov Finlandiyanın Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən ölkələrdən biri olduğunu deyib, iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı rəsmi səfərlərin həyata keçirildiyini, bu səfərlər əsnasında qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.

Təqdim olunan konsert proqramı barədə məlumat verən diplomat deyib: “Konsertin fərqliliyi ondadır ki, musiqiçilərin böyük əksəriyyəti illərdir, Finlandiyada yaşayan, bu ölkənin müxtəlif musiqi cəmiyyətlərində fəaliyyət göstərən, eyni zamanda, Azərbaycan mədəniyyətini özündə daşıyan və təbliğ edən insanlardır. İnanıram ki, onlar öz ifaları ilə Azərbaycanın klassik və xalq musiqilərini sizə sevdirə biləcəklər”.

Bədii hissədə “Alovlar” ansamblı Qara Qarayevin və Üzeyir Hacıbəyovun kompozisiyalarını ifa edib. Sonra Azərbaycan-türk mədəni təşkilatının uşaq xoru Azərbaycan milli mahnılarını səsləndirib. Ardınca Finlandiya Milli Operasının konsertmeysterləri Leyli Hüseynova və Marina Hüseynova Tofiq Qulievin, Qara Qarayevin və Vasif Adıgözəlovun əsərlərini ifa ediblər. Öz növbəsində Joensuu şəhər konservatoriyasının pianino ifaçısı Kamal Aşurbəyov Tofiq Qulievin və finn milli musiqilərini mahir şəkildə ifa edib.

Sonda Azərbaycandan Finlandiyaya səfər edən Günay İmamverdiyeva, Rövşən Qurbanov və Xəyyam Məmmədovdan ibarət muğam triosu qonaqlara Azərbaycan xalq mahnıları və muğam bəstələrindən ibarət konsert proqramı təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə