İtaliyalı professor Azərbaycan haqqında məqalə yazıb

Helsinki Universitetinin professoru Eero Tarasti Finlandiya paytaxtında fəaliyyət göstərən Mədəni İrs Akademiyasının rəsmi saytında (ACU) VI Qlobal Bakı Forumuna həsr olunmuş geniş məqalə dərc edib.

"Report" xəbər verir ki, məqalədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Bakıda keçirilən “İnklüziv cəmiyyətlər yaratmaq üçün boşluqların aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu barədə geniş məlumat verilib.

"Bu, Bakıda bir çox dünya liderlərinin iştirakı ilə keçirilən VI Forum idi. Məkan şəhərin ən gözəl binalarından birində yerləşən məşhur göydələn “Alov qüllələri” - “Fairmont” oteli idi", - deyə müəllif yazır.

Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Nizaminin mədəni irsi müasir dövrdə” adlı simpoziumun keçirildiyini diqqətə çatdıran müəllif qeyd edib ki, Nizami Azərbaycanın Gəncə şəhərində doğulub yaşadığından Azərbaycanın milli sərvəti hesab edilir.

Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlının yaşadığını vurğulayan E.Tarasti Azərbaycan dilinin türk dilləri qrupuna aid olduğuna diqqət çəkir. Məqalədə Azərbaycan milli musiqisi haqqında geniş məlumat verilir, muğam özünəməxsus ənənəvi musiqi janrı kimi səciyyələndirilir: "Muğam triosu 19-cu əsrdən etibarən Azərbaycanda geniş yayılmağa başlayıb. Muğamın Ü.Hacıbəyovdan başlayaraq klassik musiqi bəstəçilərinə böyük təsiri olub".

Zaqatala rayonuna səfəri haqqında da oxucularla təəssüratlarının bölüşən müəllif Şəki Xan Sarayı haqqında yazır, Azərbaycanda bir çox milli azlıqların rahat və əmin-amanlıq şəraitində yaşadığına diqqət çəkir.

Qeyd edək ki, Eero Tarasti Fin əsilli musiqişünas alim, pofessor, semiotika üzrə mütəxəssisdir, Helsinki Universiteti Musiqişünaslıq bölməsinin müəllimi olaraq fəaliyyət göstərir. 1978-ci ildə E.Tarasti Helsinki Universitetində "Əfsanə və Musiqi" adlı doktorluq disertasiyasını Rixard Vaqner, Yan Sibelius, İqor Stavrinski yaradıcılığı əsasında müdafiə edib. Finlandiya və onun hüdudlarında 100-dən artıq beynəlxalq səviyyəli elmi tədbirlərin təşkilatçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə