Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyəti - 100

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi gündür. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 71 il sovet imperiyasınının buxovlarında yaşayan Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər il ölkəmizdə 28 May Respublika Günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamları dövlətçilik tariximizə olan böyük ehtiramdır. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların və peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr və sazişlər bağlamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Azərbaycan Xalq Cümhuriyyəti, xüsusən, təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.

Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.

AXC dövründə Azərbaycanda ilk muzey "İstiqlal" Muzeyi təşkil olunmuşdur. Eyni zamanda, Bakıda Etnoqrafiya Muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.

İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın, ümumiyyətlə, incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti Türk Teatr truppasını öz himayəsinə almışdı. Ümumiyyətlə, istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri və dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunun artması ilə əlamətdardır.

XX əsrin 90-cı illərində, Azərbaycan da daxil olmaqla, bütün İttifaq respublikalarında başlanan və Sovet İttifaqının dağılması ilə nəticələnən milli azadlıq hərəkatı ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. 71 il sonra, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi yenə təhlükə qarşısında idi. Yalnız Ümummilli Liderin xalqın təkidli istəyinə səs verərək, hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın Yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı, hüquq-mühafizə və məhkəmə sistemi yenidən quruldu.

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev müstəqilliyi ən böyük sərvət və ən böyük dəyər kimi qiymətləndirirdi: "Müstəqilliyi əldə etmək onu qoruyub-saxlamaqdan və möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. ...Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir".

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.

Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələri icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması, tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır.

Xalqımız 28 May Respublika Gününü hər il təntənə ilə qeyd edir. Ölkə başçısı, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsini qərara almışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi sevindirir və qürurlandırır.

Azərbaycan həm də Olimpiya Hərəkatının geniş vüsət aldığı idman ölkəsidir. Təqdirəlayiq haldır ki, respublikamızın davamlı inkişafı idmanı da əhatə edib və ötən illər ərzində ölkəmizin idman infrastrukturu tamamilə yenidən qurulub. Bunun nəticəsi olaraq, son illərdə ölkəmizdə idmanın əksər növləri üzrə dünya və Avropa çempionatları, "Bakı-2015" I Avropa Oyunları keçirilib. 2017-ci il may ayının 12-22 tarixlərində isə Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - "Bakı-2017" IV İslam Həmrəyliyi Oynlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. "Bakı-2017"-də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu.

Böyük çətinliklə əldə olunan azadlığı və müstəqilliyi qoruyub- saxlamaqda hər bir Azərbaycan vətəndaşı məsuliyyətlidir. Azərbaycan dövlətinin bayrağı daim dalğalanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bizim bayrağımız qürur mənbəyimizdir, canımızdır, ürəyimizdir: "Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır... Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan!" Azərbaycanın müstəqilliyi əbədidir və üçrəngli bayrağımız bir daha enməyəcək, daim uca zirvələrdə dalğalanacaqdır. 28 May Azərbaycan Respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq hər zaman xatırlanır və dövlət bayramı kimi qeyd olunur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə