Lənkəranda etno-siyasi və dini durumla bağli müşavirə keçirilib

Mayın 25-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində müasir dövrdə ölkəmizdə etno-siyasi və dini durumla bağlı regional müşavirə keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Lənkəran şəhər, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının icra hakimiyyəti rəsmilərinin, hüquq-mühafizə orqanları nümayəndələrinin, regional təhsil və mədəniyyət idarələri müdirlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələri rəhbərlərinin, din xadimlərinin, ziyalıların, bələdiyyə sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən müşavirəni giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum” mövzusunda məruzə edib.

Dinə dövlət qayğısından danışan E.Nəcəfov Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bu sahəyə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu bildirən E.Nəcəfov ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma olduğunu qeyd edib. Prezident Administrasiyasının şöbə müdiri bununla belə zərərli dini cərəyanlara qarşı maarifləndirmə və təbliğat tədbirlərinin vacibliyini vurğulayıb, bölgələr üzrə mövcud dini durum barədə məlumat verib.

Məruzə ətrafında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə milli-mənəvi dəyərlərimizin bərpasının, dövlət-din münasibətlərinin formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələlərin düzgün tənzimlənməsinə xüsusi diqqət yetirildiyini qeyd edib. Bir çox dini ibadətgahların, məscidlərin əsaslı təmir olunması, yenilərinin tikilməsini əyani sübut kimi göstərən İcra başçısı bu gün ölkəmizdə milli-mənəvi, dini dəyərlərə hörmətlə yanaşıldığını, tolerantlıq münasibətlərinin mövcud olduğunu bildirib. T.Qaraşovun sözlərinə görə, belə sağlam mühitin formalaşmasının nəticəsidir ki, ölkəmizdə qeyd olunan istiqamətlərdə müxtəlif beynəlxalq tədbirlər təşkil edilir. Tanınmış şəxslər, ictimai-siyasi xadimlər Azərbaycanda yaranan tolerant mühiti, multikultural dəyərləri yüksək qiymətləndirirlər.

Digər çıxışlarda da dönə-dönə qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin bölgələrində etno-siyasi və dini durumla bağlı vəziyyət normaldır, bu sahələrdə heç bir problem mövcud deyil. Natiqlər yerlərdə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparıldığını diqqətə çatdırıblar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...