Sabah dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 26 may 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən SİA-ya verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahana qeydiyyat aprelin 25-dən mayın 25-dək aparılıb və bu müddət ərzində 53 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi";

Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə