7 əcnəbi qanunsuz ov fəaliyyətinə görə cərimələnib

"Cari ilin üç ayı ərzində 7 əcnəbi, ötən il və bu ilin 4 ayı müddətində 300-ə dək yeri ovçu qanunsuz ov fəaliyyətinə görə, hər biri 2000 manat cərimələniblər". SİA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, cərimə edilən əcnəbi vətəndaşlar körfəz ölkələrinin vətəndaşlarıdır. Direktor müavini söyləyib ki, Azərbaycanda yerli vətəndaşlarla yanaşı xarici vətəndaşların ovuna qanunvericiliklə icazə verilir: "Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyalar, öhdəliklər xarici ovçuların ölkəmizdə ov etməsinə icazə verir. Onların ölkəmizdə ov etməsi üçün xüsusi qaydalar var ki, bu qaydaların pozulmasına görə, ovu təşkil edən şirkətlər məsuliyyət daşıyır. Çünki şirkətlər ovçulara qanunvericiliklə bağlı maarifləndirməni təşkil etməlidirlər. Ovçular ov edəcəkləri obyektlər haqqında məlumatlı olmalıdırlar. ETSN bu öhdəlikləri yerinə yetirən şirkətlərlə əməkdaşlıq etməyə hazırdır. Əks halda bu şirkətlərin fəaliyyəti məhdudlaşacaq".

"Azərbaycan Konstitusiyasından irəli gələrək deyə bilərik ki, istər yerli istərsə də xarici ovçular üçün rüsum eynidir. Xarici ovçular daha çoxqaban ovu, çöl quşlarına üstünlük verirlər"-deyə departament direktorunun müavini qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə