"Naxçıvanda qanunsuz ov fəaliyyətinə qadağa qoyulub"

Azərbaycanda ov edilməsi müvafiq ov sahələrində və ovçuluq təsərrüfatları üçün ayrılan ərazilərdə həyata keçirilə bilər. Azərbaycanda ov edilməsi üçün 12 təsərrüfat əraziləri var ki, bu da 215 min hektar ərazini təşkil edir". SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində bəzi heyvanların (çaqqal, yeni, qarğa) saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il boyu ovlanmasına icazə verilir: "Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə ov edilməsinə regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir. Qabanın ovlanmasına (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllıda, dovşan ovlanmasına Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Zaqatala və digər ərazilərdə icazə verilir. Vəhşi quşlar yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər".

Azərbaycanda ovun qadağan edilən sahələri haqqında məlumat verən H.Əlizadə söyləyib ki, bura Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər və digər sərhədyanı rayonlarında ərazilərində, Xəzər dənizinin adalarında yaşıl zonalarda, şəhərlərin və kurortları ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində sanitar mühafizə zonaları daxildir.

Direktor müavini qeyd edib ki, Naxçıvanda qanunsuz ov fəaliyyəti qadağan edilib: "Bu öz müsbət nəticələrini verməkdədir. Gələcəkdə Azərbaycan ərazisində ov edilməsinə məhdudiyyət qoymaqda maraqlıyıq. Amma biz onların maraqlarını nəzərə aldığımız üçün buna məhdudiyyət tətbiq edilmir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə