Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentini təbrik edir

Dünya ölkələrinin liderlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik məktubları gəlməkdə davam edir. SİA həmin məktublardan bir neçəsini təqdim edir:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Qardaş Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlar və beynəlxalq arenada əldə etdiyi nüfuzlu mövqe Türkiyə üçün də qürur mənbəyidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü qeyd edildiyinə görə xüsusi önəm daşıyan 2018-ci ildə ölkənizi regionun lider dövlətlərindən biri kimi görmək bizi həddən artıq sevindirir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərini artıraraq davam etdirəcəyinə inamımız qətidir.

Qısa bir müddətdə strateji səviyyəyə çatan və istər aramızdakı həmrəylik ruhu, istərsə də konkret əməkdaşlığımız baxımından dünyaya nümunə olan münasibətlərimizin daha da güclənməsi istiqamətində qətiyyətli olduğumuzu bir daha vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm.

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin inamlı qələbəniz Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına, beynəlxalq arenada nüfuzunun artmasına yönəlmiş kursunuza vətəndaşların geniş dəstəyinin və etibarının sübutudur.

Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdiyiniz əhəmiyyətli töhfəni xüsusilə qeyd etmək istərdim. Əminəm ki, ikitərəfli əməkdaşlığın bundan sonra da hərtərəfli genişləndirilməsi, müxtəlif sahələrdə birgə perspektiv layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram.

Ukraynanın Prezidenti Petro Poroşenkodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Düz yüz il əvvəl Azərbaycan xalqı müsəlman Şərqində birinci olaraq demokratik inkişaf modelini seçmişdir. Müasir Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə qədim dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirir və inkişaf edən ölkənin gələcək yüksəlişi yolunda inamlı addımlar atır.

Müstəqilliyinin bərpa edildiyi andan Azərbaycan ardıcıl və prinsipial xarici siyasət aparır. Şübhəsiz ki, bu, Bakının dünya arenasında beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə möhkəmlənməsinə yardım edir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiq etmək istərdim. Həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk.

Əminəm ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki məzmunla zənginləşdirilməsi bütün əsas sahələrdə əməkdaşlığın intensivləşdirilməsi məqsədilə hərtərəfli dialoqun qarşılıqlı olaraq dərinləşdirilməsini təsdiq edir.

Bu xoş fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Ukraynaya bir daha rəsmi səfərə dəvət edirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, tükənməz enerji, bütün plan və təşəbbüslərinizdə nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, birlik və əmin-amanlıq arzu edirəm.

Böyük Britaniyadan Civitatis Forumunun sədri Jan Mortierdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən böyük şərəf və məmnunluq hissi duyuram. Bu xoş fürsətdən istifadə edərək Civitatis Forumu adından və şəxsən öz adımdan Sizə ölkənizin inkişafı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Dünya ölkələri və sivilizasiyalar arasında sülhü, dialoqu və əməkdaşlığı təşviq edən Civitatis Forumu Sizin beynəlxalq aləmdə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fikirlərinizi yüksək qiymətləndirir.

Sizə möhkəm cansağlığı və nəcib fəaliyyətinizdə uğurlar arzulayıram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Bütün xəbərlər Facebook səhifəmizdə