Yasamalda Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları, ilk olaraq, rayon təşkilatının qərargahının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bu il müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün tamam olduğunu və bu münasibətlə ölkəmizin hər yerində tədbirlərin keçirildiyini bildirdi: "Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamları dövlətçilik tariximizə olan böyük ehtiramdır. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında mühüm rolu olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, qısa müddətdə tarixi bir missiyanı yerinə yetirərək, genişmiqyaslı demokratik islahatlar həyata keçirib".

Rayon təşkilatının sədri AXC-nin təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam nail ola bilmədiyini, lakin insanların şüurlarında müstəqillik ideyasını gücləndirdiyini diqqətə çatdırdı: "AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur. Ümummilli Lider Heydər Əliyev respublikada hakimiyyətə qayıdışından sonra xalqımız tarixi-mədəni yaddaşını özünə qaytardı".

Tədbirdə çıxış edən millət vəkili Elman Nəsirov AXC-nin müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi varisi olduğunu bildirərək, çətin tarixi şəraitdə müstəqillik

qazandığını bildirdi. Qısa müddətdə ölkənin parlamentinin, hökumətinin formalaşdığını, bayrağı, himni və gerbinin yaradıldığını, ana dilinin dövlət dili elan olunduğunu qeyd edərək, AXC-nin xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinin əsas götürdüyünü, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək milli, dini, sinfi bərabərsizliyin aradan qaldırdığını, müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ verdiyini söylədi.

Tədbirdə Yasamal rayon icra hakimiyyəti başçısının müavini Elçin Rzayev, YAP Yasamal rayon təşkilatının sədr müavini İbad Abbasov, AMEA-nın Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu çıxış edərək, müasir Azərbaycan Respublikasının AXC-nin hüquqi, siyasi varisi olduğunu və onun demokratik ənənələrini yaşatdığını diqqətə çatdırdılar. Qeyd olundu ki, AXC yarandığı gündən xarici və daxili qüvvələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Lakin bütün bu çətinliklərə baxmayaraq, Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atributlarımız, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi istiqamətində böyük işlər görülüb. Cümhuriyyətin süqut etməsinə baxmayaraq, ötən əsrin sonlarında Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müasir müstəqil Azərbaycan dövləti qurulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib. Çıxış edənlər AXC dövrünün daha dərindən öyrənilərək, gələcək nəsillərə çatdırılmasının zəruriliyini qeyd etdilər.

Qeyd edək ki, tədbirdə, həmçinin, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov və başqaları iştirak edirdilər. Sonra bir qrup partiya fəallarına rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar verildi.

Tədbir ədəbi-bədii hissə ilə davam etdirildi.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə