Azərbaycan dövlətçilik ənənələrinə sadiq dövlətdir AXC-100

Qədim dövlətçilik tarixinə, mədəniyyətinə və ənənəsinə malik olan Azərbaycan təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə zaman-zaman güclərin diqqət mərkəzində olub və bu baxımdan, müxtəlif təzyiqlərə məruz qalıb. Belə bir gərgin ictimai-siyasi dövrünü yaşayan Azərbaycan xalqının müstəqillik arzusu və mübarizəsi isə heç vaxt tükənməyib. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamları dövlətçilik tariximizə olan böyük ehtiramdır.

XX əsrin əvvəllərində Rusiya imperiyası süquta uğradıqdan sonra, müstəqil dövlət qurmaq fürsəti yaranan kimi, azərbaycanlılar mövcud şəraitdən dərhal yararlanaraq, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaratdılar. Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında mühüm rolu olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, hələ o dövrdə söz azadlığı, demokratiya, gender bərabərliyi kimi məxsusi dəyərlərə malik olub. Bu dövrdə AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verib.

AXC qısa müddətdə tarixi bir missiyanı yerinə yetirərək, genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Üç ay ərzində parlamentdə təxminən 270-dək qanun layihəsi müzakirəyə çıxarılıb. Onlardan 230-u qəbul olunub və parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşdırılmasına və gücləndirilməsinə tarixi töhfələr verib.

Onu da bildirək ki, AXC yarandığı gündən xarici və daxili qüvvələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Belə ki, həm xaricdən, həm də daxildən daşnak ermənilər, həmçinin, menşevik qüvvələr Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mane olurdular. Lakin bütün bu çətinliklərə baxmayaraq, Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görülüb.

Cümhuriyyət dövründə əldə olunan nailiyyətlər sırasında təhsil sahəsində olan uğurları da qeyd etməliyik. Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis edilib. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən - ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəblərindən ibarət strukturu təsdiq edilib. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi olub, bu da, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da, ilk dəfə olaraq, azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirilib.

Xalq Maarifi Nazirliyi 1919-20-ci il tədris ilinin əvvəlindən ali ibtidai məktəblərin bütün siniflərinin və orta tədris məktəblərinin üç sinifinin milliləşdirilməsini qərara alınıb. Mənbələrdə göstərilib ki, Bakı şəhəri milli məktəblərin inspeksiyasında və Bakı quberniyasında 1918-19-cu tədris ilində 76 rus - bunlardan Bakıda 30, əyalətlərdə isə 46 məktəb var idi. Onlardan 51-i dövlət, qalan 25-i isə şəhər, neft-sənayeçiləri qurultayına məxsus idi və özəl sayılırdı.

Tarixi dövrə nəzər saldıqda, məlum olur ki, 1918-ci ildə Səhiyyə Nazirliyi təsis edilib. Bu illərdə Bakı və Gəncə kimi şəhərlərdə onlarla yeni aptek və xəstəxana açılır. 1919-cu ildə tibb fakültəsi də olan Bakı Dövlət Universitetinin əsası qoyulub. Belə ki, həmin dövrdə yaradılmış, ölkənin ilk ali məktəbi olan bu universitet, məhz AXC-nin yadigarıdır. Burada, həmçinin, tibbin tarixi də tədris edilirdi. Bakı şəhər Dumasının 1919-cu ilin 15 iyul tarixli iclasında Şəhər Dumasının şəhər məktəblərinin müəllimləri üçün 1600 rubl təqaüd təyin edir. Bu istiqamətdə Bakı neft-sənayeçiləri də müəyyən addımlar atırdı: onların da məktəblərində müəllimlərin məvacibləri artırılmışdı.

Bakıda məktəb binaları ilə dəhşətli bir vəziyyət alınmışdı. Onların çoxu ya tamamən dağıdılmış, ya da əsaslı təmir tələb olunacaq qədər bərbad idi. Hökumət Bakı şəhər ibtidai məktəblərində məktəb-sanitar nəzarətinin təşkil edilməsi üçün 827,600 rubl vəsait ayırmışdı. Məktəblilərə müxtəlif ictimai təşkilatlar da yardım göstərirdilər.

AXC-NİN HÜQUQİ VARİSİ OLAN MÜSTƏQİL RESPUBLİKAMIZ CÜMHURİYYƏT DÖVRÜNÜN DEMOKRATİK DƏYƏRLƏRİNƏ SADİQ QALARAQ, SÜRƏTLƏ İNKİŞAF EDİR

Dövrün nadir sistemi olan AXC cəmi 23 ay yaşadı və bolşeviklərin işğalı ilə üzləşərək Sovet İttifaqının bir hissəsinə çevrildi. Nəhayət, 71 ildən sonra, Sovet İttifaqının dağılması ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra xalqımız Cümhuriyyətin ideallarını davam etdirərək, bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb.

AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur.

Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərin bünövrəsi, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın təhsil siyasətində yeni dövrün başlanğıcını qoydu. Beləliklə, dağılmaq təhlükəsindən xilas olmuş ölkəmizdə təhsil sisteminin yeniləşməsi də vacib məsələ kimi qarşıda dururdu. Azərbaycanın təhsil sisteminin sovet təhsil sisteminin ideoloji buxovlarından ayrılıb, bəşəri təhsil sisteminə qovuşması üçün, ilk növbədə, yeni təhsil sisteminin nəzəriyyəsi, fəlsəfəsi, təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri, konseptual müddəaları, fəaliyyət prinsipləri, təhsilin məzmunu, məqsədi və strukturu müəyyənləşdirilməli idi.

Müstəqil Azərbaycan dövləti öz müstəqil təhsil siyasətini həyata keçirmək üçün ilkin islahatların keçirilməsinə başladı. 1999-cu ilə Ulu Öndər "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam verdi. Heydər Əliyevin müəllifi olduğu Təhsil İslahatı Proqramı yeni dövrün təhsil tarixində əhəmiyyətli yer tutur. Bu islahatlar təhsilin əksər sahələrini əhatə edirdi, ancaq başlıca istiqamət orta ümumtəhsil məktəblərinin inkişafına, onların maddi-texniki bazalarının möhkəmləndirilməsinə yönəldilmişdi.

Təhsilin maddi-texniki bazasının yüksəldilməsi dövlətimizin qarşıya qoyduğu vacib məsələlərdən idi. Ulu Öndər yeni məktəblərin tikintisi ilə bağlı Dövlət Proqramının hazırlanmasını əhəmiyyətli məsələ kimi qarşıya qoymuşdu və 2003-cü il fevralın 17-də Ümummilli Lider "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinn tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın (2003-2007-ci illər)" təsdiq edilməsi haqqında" Sərəncam imzaladı.

Bu gün fəxrlə deyə bilərik ki, məktəb tikintisi sahəsində Azərbaycan MDB məkanında ilk yerlərdən birini tutur. Ulu Öndərin siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev məktəb tikintisini çox vacib məsələ kimi qarşıya qoymuş və hazırda bu sahədə yeni proqramlar reallaşdırılmaqdadır.

Təhsilin inkişafına xidmət göstərən onlarla Dövlət Proqramı qəbul edilmişdir. Bu proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

Dövlətimizin təhsillə bağlı qəbul etdiyi inkişafyönlü proqramlar təhsilimizin inkişafına davamlı xarakter verməklə, onu dünya standartları səviyyəsində qurmağa da imkan yaradır. Pedaqoji kadr hazırlığı, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı, məktəbəqədər təhsilin yeniləşdirilməsi, məktəblərin avadanlıqlarla təmin olunması, gənclərin xaricdə təhsil almaları, texniki peşə təhsilinin təkmilləşdirilməsi, ali məktəblərin inkişafı və s. məsələlərlə bağlı qəbul olunmuş proqramların bir qismi həyata keçirilmiş, bəziləri isə reallaşmaq üzrədir.

AZƏRBAYCAN TƏHSİLİNƏ YÖNƏLMİŞ DİQQƏT ZAMANIN TƏLƏBLƏRİNİ ÖDƏYƏ BİLƏCƏK ZİYALILARIN YETİŞMƏSİNƏ DOĞRU UĞURLU BİR ADDIMDIR

Məktəb tikintisi ilə bağlı qəbul olunmuş dövlət proqramları bu sahədə sürətli inkişafı təmin edib. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilir. Bakı və Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında yeni məktəblərin tikintisinə diqqət yetirməklə yanaşı, mövcud məktəblərin əsaslı təmirinə də yer ayrılıb. Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb tikintisi sahəsində görülən işlər nəticəsində, ikinövbəli məktəblərin sayı xeyli azalıb. Məlumdur ki, ölkəmizdə olan məktəblərin əksəriyyəti ötən əsrini 30-cu, 40-cı illərdə, bəziləri isə 50-ci, 70-ci illərdə inşa olunub. Təbii ki, 70-80 il əvvəl tikilən binalar bu günün tələbinə cavab vermir və çox yararsız vəziyyətdə idi. Müasir dövrümüzdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər bu sahədə olan çətinlikləri aradan qaldırıb. Yüksək şəraiti ilə seçilən və müasir təlim avadanlıqları ilə təmin olunan məktəblər şagirdlərin istifadəsinə verilib.

Azərbaycanın dünyaya inteqrasiya olunduğu zamanda Azərbaycan təhsilinə yönəlmiş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addımdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...