Xəzər Neft və Qaz sərgisinin iştirakçıları ağacəkmə aksiyasında iştirak ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı Xəzər Neft və Qaz sərgisinin iştirakçıları ağacəkmə aksiyasında iştirak ediblər. SİA xəbər verir ki, ağacəkmə aksiyası Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağında keçirilib. Xəzər Neft və Qaz sərgi konfransının iştirakçıları və təşkilatçıları tərəfindən ağac və çiçəklər əkilib, oturacaqlar quraşdırılıb.

Bu il Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir. Bununla əlaqədar Mərkəzi Nəbatat bağında xatirə lövhəsi quraşdırılıb.

“Caspian Oil and Gas” sərgisi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsinin karbohidrogen yataqlarının genişmiqyaslı işlənilməsi üzrə yeni istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində təsis edilib və “Caspian Oil and Gas” sərgisinin tarixi də məhz o vaxtdan başlayır. Həmin dövrdə ümummilli lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və o vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Keçirildiyi ilk gündən dünyanın 12 ölkəsindən neft-qaz və energetika sektorunun 158 aparıcı şirkətini bir araya toplayan bu sərgi və konfrans yüksək göstəriciyə imza atdı.

Sərginin ilk iştirakçıları və sponsorları arasında dünya neft və energetika sektorunun aparıcı şirkətləri, o cümlədən “BP”, “OMV”, “Conoco Phillips”, “Statoil”, “Total”, “Petkim”, “TRAO”, “RWE” və bir sıra digər şirkətlər var idi. Sərgi Azərbaycanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər üçün xarici şirkətlərlə əməkdaşlıq etmək və yeni texnologiyaları yerli istehsal prosesində, eləcə də karbohidrogen ehtiyatlarının hasilatında tətbiq etmək üçün geniş imkanlar açaraq, işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan bir platformaya çevrildi.

Sərginin yüksək statusunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin açılış mərasimində iştirak etməsi təsdiqləyirdi və bu gün, bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müxtəlif ölkələrin liderləri, o cümlədən Böyük Britaniya, Türkiyə və Norveçin baş nazirləri, ABŞ, Fransa və Gürcüstanın prezidentləri, habelə Avropa İttifaqının prezidenti növbəti sərgi və konfransın açılışı münasibətilə təbrik məktublarını göndərirlər. Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR isə bu sərginin inkişafı naminə öz əvəzsiz töhfələrini əsirgəmirlər.

XXV Beynəlxalq Xəzər Neft və Qaz sərgisi 29 may – 1 iyun tarixində “Bakı Ekspo” Mərkəzində keçiriləcək. Sərgi dünyanın 38 ölkəsindən 300 şirkəti bir araya toplayacaq. 25 illik yubiley münasibətilə təşkilatçılar tərəfindən əlavə tədbirlər proqramı da hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə