DMX-da əcnəbilərin inteqrasiyası müzakirə edilib

Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müda-fiəsi məsələləri ilə bağlı fəaliyyət göstərən işçi qrupun iclasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəhbərliyi, qaçqınların problemləri ilə əlaqəli olan müxtəlif dövlət qurumlarının məsul əməkdaşları ilə yanaşı, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, Azərbaycanla mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin Milli Koordinatoru və DMX yanında İctimai Şuranın üzvü iştirak edib.

DMX-dən SİA-ya verilən məlumata görə, iclasın açılışında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov işçi qrupunun hər bir görüşünün konkret nəticəsi olmasının zəruriliyini vurğulayaraq, sayca üçüncü görüşdə də məhsuldar və faydalı müzakirələrin aparılacağına əminliyini ifadə edib. Xidmət rəisi qeyd edib ki, DMX işçi qrupunun fəaliyyətinə daim dəstək verəcək. Çünki həm dövlət qurumlarının, həm də beynəlxalq tərəfdaşların bu platformada təmsil olunması bizim üçün çox böyük aktivdir.

İşçi qrupun sayca üçüncü iclasının məqsədi qaçqın statusu verilmiş şəxslərin Azərbaycanda olacaqları müddət ərzində onlara yaradılmış münbit şəraitin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik aktlarında və beynəlxalq konvensiyalarda əksini tapmış sosial-iqtisadi və insan hüquqlarının təşviq edilməsidir. V.Hüseynov bildirib ki, elə bir mexanizm yaradılmalıdır ki, qaçqın statusu verilmiş şəxslərin məşğulluq məsələsində, sosial qayğılarının diqqətdə saxlanımasında dövlətlə yanaşı, beynəlxalq tərəfdaşlar və vətəndaş cəmiyyəti institutları da yaxından iştirak etsinlər.

Xidmət rəisi vurğulayıb ki, indiyə qədər DMX-nin rəhbərliyi altında işçi qrupunun “Azərbaycanda qaçqınların əmək bazarına və sosial təminat sisteminə çıxışı” və “Yol sənədi və Qaçqın vəsiqəsi ilə bağlı” mövzularda iki iclası keçirilib. Bu günkü iclasda isə “Azərbaycanda qaçqın statusu almış şəxslərin sosial-iqtisadi hüquqlarının təmin edilməsi istiqamətində əldə olunmuş uğurlar və qaçqınların inteqrasiya siyasətinə dair “Yol xəritəsi” üçün tövsiyələr” adlı sənəd müzakirə edilir. Xatırladaq ki, "Yol xəritəsi" sənədində Azərbaycanda qaçqınların inteqrasiyası üçün dörd əsas sahə müəyyən edilib: 1) yaşayış sahəsi ilə təmin olunma imkanı; 2) təhsilə çıxış imkanı; 3) əmək bazarına çıxış imkanı; 4) mədəniyyətlər arası dialoqun genişləndirilməsi.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Furio De Angeles bildirib ki, müzakirə olunan mövzuya çoxtərəfli yanaşma tələb olunur. Qaçqın mövzusu qlobal bir proses olduğu üçün biz beynəlxalq diqqətin bu məsləyə yönəldiləməsinə və dünyada bu sahə ilə bağlı yaxşı təcrübənin Azərbaycana gətirilməsinə öz dəstəyimizi verəcəyik. O, bu həssas kateqoriyadan olan insanlara göstərilən münasibəti və iclasda müzakirə edilən sənədin əhəmiyyətini qeyd edib.

"Yol xəritəsi" sənədi barədə Azərbaycanla mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin Milli Koordinatoru Elnur Nəsibov təqdimatla çıxış edib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq tövsiyəsinə uyğun olaraq Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri ilə bağlı 2016-cı ilin sonlarında müvafiq dövlət qurumlarının nümayəndələrin-dən ibarət işçi qrupu yaradılıb. İşçi qrupun tərkibinə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi, Nazirlər Kabineti Aparatının, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli nümayəndələri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...