"Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" təlim kursu başa çatıb

Lənkəranda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənclər Təşkikatları Milli Şurası tərəfindən həyata keçirilən "Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" təlim kursuna start başa çatıb. Təlim kursu Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Lerik, Masallı rayonlarından 30 gənc iştirakı ilə 3 gün davam edib.

Layihənin keçirilməsində məqsəd gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasından Gender Bərabərliyi Məqsədinə çatmaq üçün cənub regionunda yaşayan gənc elçiləri müəyyən etmək və təmsil etdikləri rayonlarda gender bərabərliyi probleminin təbliğatını aparmaqdır.

Layihə ümummilikdə təlimləndirmə və təbliğat hissələrindən ibarətdir. 3 gün davam edən təlimləndirmə hissəsində iştirakçılara “Dayanıqlı İnkişaf Məqsədləri (DİM)” haqqında təlimçi tərəfindən ətraflı məlumat verilib. Daha sonra “Gender stereotipləri və xülafə”, “Qadınların cəmiyyətdə rolu, dünyada və Azərbaycanda qadın zorakılığı” mövzular üzrə müzakirələr baş tutub. “Gender bərabərsizliyini yaradan səbəblər və amillər”, “Gender bərabərsizliyini aradan qaldıracaq həll yolları” və “İştirakçıların mövzu ilə bağlı gələcək planlarının tərtibi” mövzular üzrə qrup işləri təşkil olunub. Təlimin sonunda iştirakçılara təşkilatçılar tərəfindən şəhadətnamə təqdim olunub.

Təlimçi Lalə Darçınova: “Qeyd etmək istərdim ki, təlimçi olaraq çox maraqlı bir təlimdə iştirak etdim. Auditoriya kifayət qədər həvəsli və motivasiyalı idi. İştirakçıların suallarından və aktivliyindən göstərdikləri marağı görmək olurdu. Son illər gender bərabərliyi mövzusu çox aktualdır və regionun problemlərini işıqlandırırdı”.

Lənkəran rayonundan təlim iştirakçısı Coşqun Novruzov: “Mən bu təlimdə mövzu ilə bağlı bir çox nəticə əldə etdim. Əsasən 3 gün davam edən təlim zamanı gender haqqında ətraflı məlumat aldım. Xüsusən qeyd etmək istərdim ki, təlimdə gender və cinsi fərqliliyi tam olaraq başa düşdüm. Gender mövzusunda təlimlər təkcə gənclərə yox bütün yaş təbəqələrindən olan insanlara təşkil olunsun və ümid edirəm ki, bu istiqamətdə keçirilən təlimlər davamlı olacaq”.

Neftçala rayonundan təlim iştirakçısı Günel Salayeva: “Düşünürəm ki, cəmiyyətimizin xüsusəndə gənclərimizin bu mövzuda maarifləndirilməsinə ehtiyac çoxdur. Mən müəllimlik peşəsini sahibi olaraq burada əldə etdiyim bilikləri məktəbdə şagirdlərimə də öyrədəcəm. Belə layihələrin çox olmasına və bu mövzuda layihələrin cəmiyyətimiz üçün maraqlı olacağına inanıram”.

Qeyd edək ki, Təlimlər hissəsi başa çatdıqdan sonra iştirakçılar layihənin təbliğat hisssinə start verəcəklər. Belə ki, gənclər təlim zamanı əldə etdikləri biliklər əsasında yaşadıqları regionunda təbliğat xarakterli layihələr həyata keçirməklə layihənin elçisinə çevriləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə