Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürdü FOTO

2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “dəyirmi masa” keçirilib. Bu barədə SİA-ya Fonddan məlumat verilib.

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft amili” mövzusunda təşkil olunmuş tədbirə AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının bir qrup üzvü qatılıb.

Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Hüseyn Hüseynov Cümhuriyyət dövrü tarixinin hər bir azərbaycanlı tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb və belə bir görüşün Bakı Neft-Energetika Kollecində keçirildiyinə görə Bilik Fonduna minnətdarlığını bildirib.

Fondun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, qonaqları təqdim etdikdən sonra iştirakçıları açıq müzakirələrə qatılmağa dəvət edib.

“Dəyirmi masa”da AMEA Neft və Qaz İnstitutunun Gənc alim və Mütəxəssislər Şürasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova “Cümhuriyyət dövründə təbii sərvətlərin istifadəsi”, sədr müavini Yeganə Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft sənayesinin inkişafı”, gənc mütəxəssislər – Naidə İskəndərqızi “İlk neft çıxarılma üsulu”, Zəhra Xanbutayeva “Cəmiyyətin inkişafında neftin rolu”, Aysel Məmmədova “Neft texnologiyasının inkişaf mərhələləri”, Elnarə Ağayeva “İkinci dünya müharibəsində Azərbaycanın neft amili” mövzularında çıxış ediblər.

Natiqlər Cümhuriyyət dövründə neft amilinin hökumətin fəaliyyətində ciddi problemlərə səbəb olduğunu vurğulayaraq, xarici dövlətlərin “qara qızıla” olan hərislikləri nəticəsində müstəqilliyin təhlükə altına düşdüyünü bildiriblər. Çıxışçılar sonrakı dövrdə Azərbaycanın bu yeraltı sərvətindən düzgün istifadə olunduğunu deyərək, xüsusən müstəqilliyin bərpasından sonra Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan neft strategiyasının xalqımız və dövlətimiz üçün faydasını qeyd ediblər.

“Dəyirmi masa”da tələbələr onları maraqlandıran suallara ətraflı cavablar alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...