Arzusunu çin etdiyim dostum Nadir Adıgözəlov- 70

(Portret cizgiləri)

May ayının 25-də dostum Kərbəlayi Nadirin 70 yaşı tamam olur. Bəzən fikirləşirəm ki, 48 illik dostumun 70 yaşı nə tez tamam oldu? İllər nə tez gəlib keçdi... Elə bil ki, onunla tanışlığımız, dostluq təməlinin başlanğıcı dünən olub...

1970-ci ilin may ayı idi. O vaxt mən ordu sıralarından yenicə qayıdıb, əvvəlki iş yerim olan Masallı Rayon Texnika Birliyində (MTS-də) dispetçer kimi əmək fəaliyyətimi davam etdirirdim. Həmin ilin noyabr ayının əvvəlində yeməkxanada mənim kimi cavan, uca boylu, yaraşıqlı, danışanda gülümsünən bir oğlanla tanış oldum. Mən onu əvvəl burada görməmişdim. Məlum oldu ki, o, işə yenicə qəbul olub və o da məlum oldu ki, böyük qardaşım Balaməmmədin rəhbərlik etdiyi traktor texnikası briqadasında mühasib işləyir. Biləndə ki, Balaməmməd Şükürov mənim böyük qardaşımdır, çox sevindi. Onun yaxşı rəhbər olduğunu, işçilərə əlindən gələn köməkliyi etdiyini dedi. Onunla ilk təmasdan, tanışlıqdan söhbətimiz tutdu. Gördüm ki, dilli-dilavər bu oğlan Bakıda Plan İqtisad texnikumunda təhsili alıb. Amma bununla birlikdə ədəbiyyata, incəsənətə, musiqiyə böyük marağı var. Özünü təqdim etdi. Nadir Qiyas oğlu Adıgözəlov. Hələ ki, fasilə vaxtı olduğuna görə biz onunla mənim işlədiyim dispetçer otağına gəldik. O, çox maraqla və həmin vaxtı dəbdə olan Gürcü mahnısı “Lalebi”ni elə peşəkarcasına, həvəslə oxudu ki, açığı onun mahnı oxumasına heyran oldum. Həmin vaxtı mənim də ədəbiyyata, incəsənətə marağım böyük idi. Hətta ordu sıralarına getməmişdən əvvəl rayonun “Çağırış” qəzetində məqalələrim və “Azərbaycan pioneri” qəzetində kiçik hekayələrim də çap olunmuşdu. Şakir Həsənov və Adil Səfərovun Masallı şəhər Mədəniyyət Evində yaratdıqları Miniətür teatrında da kiçik, epizodik rollar oynamışdım. Ordu sıralarında olanda da ara-sıra kiçik hekayələr, şeirlər yazırdım. Məqsədim də Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qədul olmaq və gələcəkdə yazıçı-jurnalist kimi fəaliyyət göstərmək idi.

Beləliklə, elə həmin gündən bizim Nadirlə dostluğumuzun təməli qoyuldu. O, səhəri günü mənə təklif etdi ki, gəl “Lalebi” mahnısını və başqa Azərbaycan, rus mahnılarını duet kimi oxuyaq. Çünki mənim də səsimin olduğunu, mahnı oxumağı dünən eşitmişdi. Mən də bizə əsgərlikdə öyrədilən bir neçə mahnını və Azərbaycan xalq mahnılarını onunçün oxumuşdum. Mən razılaşdım. O, “Lalebi” mahnısının sözlərini yazıb mənə verdi. Beləliklə, biz elə həmin gündən fasilədə və işdən sonra mənim iş otağımda mahnıları züm-zümə etməklə məşq etməyə başladıq. Musiqiyə, incəsənətə marağı olan və hətta musiqi alətlərində çalmağı bacaran bizim kimi həmyaşıdlarımızdan bəziləri də mənim otağıma gəlib, bizim məşqimizə tamaşa edir və öz təkliflərini verirdilər. Bir neçə gündən, yəni artıq bəzi mahnıları tam mənimsədikdən sonra Nadir təklif etdi ki, gəlin Masallı Rayon Texnika Birliyində bir ansambl yaradaq. Fasilə vaxtı buradakı klubda işçilərə konsert verək. Mən isə dedim ki, təkcə ansambıl yox, gəlin həm də kiçik səhnəciklər oynayaq. Nadirin təklifi ilə bu kollektivin adını da fikirləşib tapdıq. Kollektivin adı “Traktorçu” oldu. Çünki Masallı Rayon Texnika Birliyində traktorçular daha çox işləyirdi. Biz, bu təkliflə həmin vaxtı Texnika Birliyi partiya təşkilatının rəhbəri Rafiq Bağırova müraciət etdik. O, bizim fikrimizi çox yaxşı qarşıladı. Sonra bu fikri Masallı Rayon Texnika Birliyinin direktoru, dəyərli ziyalı Sudyef Məlikova bildirdi. Sudyef müəllim də bu təklifi çox bəyəndi və elə səhəri gün Nadirlə məni kabinetinə dəvət etdi. Bizə hər cürə arxa-dayaq olacağını dedi. Biz, elə həmin gündən artıq işdən sonra Masallı Rayon Texnika Birliyinin klubunda məşqlərə başladıq. Çünki artıq ansamblın üzvləri də hazır idi. Hətta ondan çox mahnılar da seçmişdik. Sonra həmin vaxtı papulyar olan tamaşalardan duet səhnəciklər də seçdik və beləliklə, hər gün işdən sonra məşqlər elədik. Hər gün böyük həvəslə 3-4 saat məşqlər edirdik. Nadir təkcə maraqlı mahnılar oxumur və həm də mənim quruluş verdiyim səhnəciklərdə maraqlı rollar oynayır və hamımızı valeh edirdi. Çünki onun arzusu aktyor olmaq idi. Biz də inanırdıq ki, o, çox tanınmış bir aktyor olacaq. Belə ki, aktyor üçün lazım olan fitri istedad, uca böy, yaxşı qaltanlı səs, hər bir fikiri canlı ifadə edən gözləri vardı. Fikri də 1971-ci ilin qəbulunda sənədlərini Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə vermək idi. Bizim aramızda yanlız Nadir evli idi. O, 1970-ci ilin avqust ayının 31-də ailə həyatı qurmuşdu.

Təxminən bir aya biz bir saatlıq maraqlı proqram hazırladıq və fasilə vaxtı bu proqramı Masallı Rayon Texnika Birliyinin klubunda göstərdik. Başda direktor Sudyef Məlikov, partiya təşkilatının sədri Rafiq Bağırov olmaqla bu tədbirə baxan bütün işçilərin bizim çıxışımız xoşuna gəldi. Bir neçə gündən sonra biz bu proqramı rayon mərkəzindəki Mədəniyyət Evində də göstərdik. Burada da rayon rəhbərləri başda olmaqla, Sudyef Məlikov və rayonun bütün təsərrüfatlarının rəhbərləri, rayon zəhmətkeşləri iştirak etdilər. O vaxt rayonun partiya komitəsinin birinci katibi Zöhrab Ömərov idi. O, bizim çıxışımızı çox təriflədi. Elə həmin gündən rayon camaatı bizə maraqla baxmağa, küçədə görəndə salam verməyə başladı. Hamı da deyirdi ki, başqa mahnıları və səhnəcikləri yaxşı oxuyub, oynasaq da “Lalebi” mahnısını daha peşəkarcasına, əsl gürcülərə məxsus rəqslə və həvəslə oxuduq. Biz, həmin gündən sonra Nadirlə hansı toya gedirdiksə, orada olanlar xahiş edirdilər ki, hökmən “Lalebi” mahnısını oxuyaq. Hazırladığımız ilk proqram rayonda çox yüksək qarşılandığına görə, artıq rayon miqyaslı tədbirlərə bizi dəvət eləməyə başladılar və biz də həmin tədbirlərdə həm səhnəciklər oynayır və əsasən də “Lalebi” mahnısını oxuyurduq. Bu mahnı həmişə sürəkli alqışlarla qarşılanırdı. İlk çıxışımızın çox uğurlu olması bizi həvəsləndirdi və biz ikinci tədbir də hazırladıq. Bu da rayonda maraqla qarşılandı. Artıq 1971-ci il idi. Nadirlə hər ikimiz imtahanlara ciddi hazırlaşırdıq. Nadir Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə, mən isə Azərbaycan Dövlət Universistetinin jurnalistika fakültəsinə.
May ayında Nadirin ilk övladı dünyaya gəldi. Mən istəyirdim ki, adını Babək qoysunlar. Çünki həmin vaxtı Babəklə bağlı çoxlu yazılar mətbuatda çap olunurdu. Amma valideyinlərinin istəyilə, daha doğrusi həyat yoldaşı Səfurə bacının atasının istəyilə Rəfael adı qoydular. Lakin sonralar Kərbəlayi Nadir mənim istəyimlə dördüncü oğluna Babək adı qoydu. Artıq cavan atanın qayğıları çox idi. Ailələri də çətin dolanırdı. Nadirin qardaşları kiçik olduğuna görə, ailədə işləyən yalnız o tək idi. Ailə vəziyyətinin çətinliyi artıq imkan vermirdi ki, Nadir gedib ali məktəbə qəbul olsun. Çünki həmin vaxtı o, gündüz şöbəsində oxumalı idi. Bəs öz ailəsini və valideyinlərini, qardaşlarını kim dolandırmalı idi? Nadir çox çətin bir yolun astanaslnda qalmışdı...

Bir gün bizim onunla belə söhbətimiz oldu. Nadir təklif etdi ki, mən onun arzusunu çin etməkçün sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutunun dran və kino aktyorluğu fakültəsinə verim. Əgər ora qəbul ola bilməsəm, yenidən sənədlərimi Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə verim. Belə ki, İncəsənət İnstitutunda imtahanlar universistetdən bir ay əvvəl başlayırdı. Razılaşdıq. Mən sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verdim və yüksək qiymətlərlə qəbul oldum. Beləliklə, dostumun arzusu reallaşdı. Bunu eşidən Nadir, məndən çox sevinirdi. Həmin vaxtdan da mənim həyatım teatrla bağlandı. Sonra da gedib Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda rejissorluq fakültəsində təhsil aldım. Qayıdandan sonra bir neçə teatrlara rəhbərlik etdim. Əlliyə yaxın rollarda çıxış etdim və 120-dən çox tamaşalara qurluş verdim. Əlbəttə, yazıçılığı, jurnalsitikanı da yaddan çıxarmadım. Çoxlu bədii əsərlər və mindən çox publisist yazılar, məqalələr yazdım. Ümumittifaq və respublika səviyyəsində çoxlu mükafatlar və Əməkdar incəsənət xadimi kimi fəxri ad da aldım. Mənim bütün bu uğurlarıma da dostum Nadir demək olar ki, məndən çox sevinirdi. Hər yerdə məni təbliğ edirdi. Rəhbərlik elədiyim teatrlarla Masallıda və bütövlükdə Cənub bölgəsində qastrollarda olanda həmişə gəlib bizim tamaşalara baxır və mənimlə fəxr elədiyini deyirdi. Mən də onunla fəxr eləyirdim. Çünki Nadir, mən ali məktəbə qəbul olunadan bir il sonra qardaşım Balaməmmədin köməkliyilə Masallı rayon Milis (indiki Poıis) şöbəsində işə düzəldi. Masallı Rayon Texnika Birliyində olduğu kimi bu iş yerində də az bir vaxtda tanındı və özünün natiqliyinə, biliyinə, savadına, paklığına, yüksək təşkilatçılığına görə başqalarından seçildi. Həmişə rəhbərlik tərəfindən tərifləndi. Milis sistemində keçirilən bütün ictimai, siyasi tədbirlərə rəhbərliyi ona tapşırdılar. Hətta Qarabağ müharibəsi vaxtı Masallıdan döyüşlərə gedən polis işçilərinə rəhbərliyi də ona tapşırmışdılar. O, döyüşlərdəki xidmətinə görə dəfələrlə mükafatlandırıldı. Polis işçisi kimi həmişə haqqı müdafiyə etdiyinə, həmişə rayon camaatına əlindən gələn köməklikləri etdiyinə görə hamı Kərbəlayi Nadiri sevirdi və ona böyük hörmət edirdi. O, 21 ildir ki, polis sistemindən uzaqlaşsa da hamı ona hörmət əlaməti olaraq indi də “Rəis” kimi müraciət edir. Hansı tədbirə gedirsə hamı onu böyük hörmətlə qarşıalyır. Yaşadığı Bambaşı kəndinin və onun ətrafında olan kəndlərin ən sayılıb-seçilən ağsaqqallarındandır Kərbəlayi Nadir. O, Məşhəd və Kərbəla ziyarətlərindən qayıdanda demək olar ki, rayonun ən üzdə olan bütün ziyalıları, ağsaqqalları onunla görüşə, ziyarətə gəlmişdilər.

Ömrünün bu 70 yaşında Kərbəlayi Nadir rayonun bütün ictimai işlərində yaxından iştirak edir. Elə bu yaxınlarda Masallıda məhz Banbaşı kəndinin stadionunda keçirilən və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan rayon üzrə futbol turnirinə əsas rəhbərlik də ona tapşırılmışdı. Həmin futbol turniri çox yüksək səviyyədə keçirildi. Rayonun Gənclər və İdman İdarəsi Kərbəlayi Nadiri belə yaxşı işinə və yüksək təşkilatçılığına görə Fəxri Fərmanla mükafatlandırdı.

Kərbəlayi Nadir yaxşı, sadiq dost və Masallı rayonunda sayılıb seçilən ağsaqqallardan biri olduğu kimi, yaxşı ata və yaxşı babadır. O, Kərbəlayi Səfurə bacı ilə birlikdə altı övlad- 4 oğul və iki qız böyüdüb, boya-başa çatdırıblar. Onların övladları yüksək səviyyədə təhsil alıblar. Hər biri də Azərbaycan dövlətinə, dövlətçiliyinə layiqincə xidmət edirlər.

Rəfael, uzun illər Azərbaycan ordusunda layiqincə xidmət etməklə, cəbhə bölgəsində dəfələrlə düşmənlə döyüşlərə girib. 16 il səngərdə olub. O, bu gün istefada olan mayordur. Rafiq, Rauf və Babək isə iş adamlarıdır. Hər üçü də yüksək təfəkkürə, ağla, savada malikdirlər. Qızı Aynurə xanım tibb bacısıdır. O biri qızları İlahə xanım isə evdar qadındır. Bu 6 övladdan Kərbəlayi Nadirin və Kərbəlayi Səfurə bacının 14 nəvəsi və bir nəticəsi var.

Bizim onunla dostluğumuz sonra qudalığa çevrilib. Onun oğlu Rafiqlə mənim qızım Aynurə ailə həyatı qurublar və çox mehriban yaşayırlar. Onların da Həbib və Aytəkin kimi iki gül balası böyüyür.

Kərbəlayi Nadir bu gün də mənim hər bir uğuruma sevinir. Yazdığm bədii əsərləri, publisist yazıları, məqalələri mütəmadi oxuyur və öz fikirlərini bildirir. Qurluş verdiyim Azərbaycan televiziyalarının qızıl fodunda saxlanılan, hərdən televizorlarda göstərilən tamaşalarımı və videolarda olan tamaşalarımı maraqla izləyir. Sonra da deyir: “Əziz dost, çox sağ ol ki, sən mənim də arzumu çin etdin”. Mən də sevinirəm ki, dostumun aktyor olmaq arzusunu çin etmişəm və bu həyatda təkcə özünçün yox, həm də dostumçün yaşayıram.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə