Şura sədri: "Artıq 10 mərkəzi, 6 yerli icra orqanlarının yanında ictimai şura yaradılıb"

"Azərbaycanda qərarların qəbulunda vətəndaş iştirakçılığı Konstitusiyanın 54-cü maddəsinin birinci hissəsinin əsas tələbidir. Bu tələbi yerinə yetirmək üçün qəbul edilmiş qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti orqanlarında, yerli özünü idarəetmə orqanlarında ictimai şuralar yaradılıb". SİA-nın xəbərinə görə, bunu millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Bakıda keçirilən Qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı adlı konfransda çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda Nazirlər Kabinetinin qəbul etdiyi Xüsusi Əsasnaməyə əsasən vətəndaş qurumları bir araya gələrək Nazirliklər yanında özünün qurumunu yaradır ki, qəbul edilən qərarların hazırlanmasında iştirak etsinlər. Bu günə qədər bu istiqamətdə xeyli işlər görülüb. Artıq 10 mərkəzi icra, 6 yerli icra orqanlarının yanında ictimai şura yaradılıb. Daha 4 yerli icra orqanlarında bu proses gedir. İctimai şuralar vətəndaşların səsini, sözünü qurumlara çatdırılmasında unikal mexanizm kimi iştirak edirlər. Mən istərdim ki, bu qurumlar daha da artırılsın. Ümid edirəm, yaxın zamanda bu proses daha geniş yayılacaq. Ümumiyyətlə, Azərbaycanda bununla bağlı vəziyyəti qənaətbəxş hesab etmək olar. Bu, dövlət başçısının siyasətidir". Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olduğunu qonaqların diqqətinə çatdıran millət vəkili söyləyib ki, həmin ərazilərə işğalçı Ermənistan nəzarət etdiyi üçün biz işğal rayonlarımızda ictimai şura yarada bilmirik: "Ümid edirik ki biz bu ərazilərdə ictimai şuranın yaradılmasına nail ola biləcəyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə