Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Daşkənddə dostluq konserti olub

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Türküstan sarayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə dostluq konserti keçirilib. Dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət, incəsənət xadimləri, səfirlər, ictimaiyyət nümayəndələri, jurnalistlər, yerli azərbaycanlılar tədbirdə iştirak ediblər.

Əvvəlcə iştirakçılar “İstiqlalın 100 illiyi mübarək – Azərbaycan!” adlı fotosərgi və kitab sərgisi ilə tanış olublar. Sərgidə AMM tərəfindən ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulub, AXC-yə dair fotoşəkillər, nəşrlər nümayiş etdirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun xalqımızın həyatında oynadığı mühüm rol, Azərbaycanda parlamentin, dövlətçilik aparatının yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, Azərbaycan qadınına böyük hüquqların verilməsi və s. barədə məlumat verib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu və ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, müstəqil Azərbaycanın 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edib.

Dostluq konsertində Azərbaycanın Əməkdar Artisti, 2017-ci ildə Səmərqənddə keçirilmiş “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Qran-Prinin sahibi, tanınmış tarzən Sahib Paşazadə, Maqsud Ubayevin rəhbərliyi ilə Özbəkistanın gənclərdən ibarət məşhur simfonik orkestri çıxış edib.

Konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Vasif Adıgözəlov, Fərhad Bədəlbəylinin dünya musiqisinin inciləri olan əsərləri ifa olunub. “Koroğlu” uvertürası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Çahargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunub.

Əsərlər ifa edildikcə səhnədəki böyük ekranlarda yüz il öncə yaradılmış AXC, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz, Azərbaycanın turizm imkanları, Qarabağda dağıdılan abidələrimiz, Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərinə dair videomateriallar nümayiş etdirilib.

Tədbirdə Özbəkistanın Xalq Artisti Nəsibə Abdullayeva “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısını, Özbəkistanın Əməkdar Artisti Erkin Ramazanov isə “Sarı gəlin” mahnısını ifa ediblər. Musiqilər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...