2 ərazidə hərəkət qismən məhdudlaşdırılır Sürücülərin nəzərinə!

Bu gün paytaxtda 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır. Belə ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə