Əsrin böyük səadəti - Azərbaycan Xalq Cümhuriyyəti

Mayın 17-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) “Əsrin böyük səadəti - Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir-sərgi keçirilib. SİA xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə yeri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə silinməz iz qoyub.

Milli Məclisin deputatları Asim Mollazadə, Xanhüseyn Kazımlı və digər çıxış edənlər bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Bu respublika mövcud olduğu 23 aylıq qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib.

Çıxışçılar Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb, Cümhuriyyətin hüquqi varisi olan müstəqil respublikamızın əldə etdiyi mühüm uğurlardan danışıblar.

Sonra Əməkdar Rəssam Əşrəf Heybətovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən rəsm sərgisinin nümayişi olub.

Sonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubilerinə həsr olunan “Milli dövlətçilik tariximizə diqqət və ehtiram” adlı qısametrajlı sənədli film nümayiş etdirilib, hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə