DİM intihar edən abituriyentlərlə bağlı açıqlama verdi MÜNASİBƏT

Dövlət İmtahan Mərkəzi mayın 13-də keçirilən qəbul imtahanında az bal topladığını görə Sumqayıtda abituriyentlərin intihar etməsi məsələsinə münasibət açıqlayıb. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlama verən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib ki, hadisə baş verəndə qəbul imtahanlarının nəticələri açıqlanmamışdı.

Məsələ ilə bağlı valideynlərə müraciət edən M.Abbaszadə söyləyib ki, bu prosesdə valideynlərdən çox şey asılıdır: "Ailə istəyir ki, övladı ali təhsil alsın. Bunu onun xoşbəxtliyi üçün istəyir. Lakin uşaq oxumaq istəmir, amma bəzən ailə məcburi olaraq uşağı kitab oxumağa məcbur edir. Bu düzgün deyil. Bəlkə uşağın hansısa sahədə əl qabiliyyəti var onunla məşğul olmaq istəyir. Bunun üçün yeniyetmələrin fikrini öyrənmək, onlarla dialoqda olmaq lazımdır".

DİM-in Direktor Şurasının sədri qeyd edib ki, valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmədən tələb etməsi düz deyil: "Bu baxımdan qəbul imtahanında az bal toplayıb intihar etməklə bağlı məsələ bizə aid olan problem deyil. Bizim müxtəlif çarxlarımız var ki, orada imtahana necə hazırlaşmaq və digər məsələlər göstərilib. Bu materiallarla valideynlər də tanış olmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...