Gəncləri narkomaniya bəlasından necə uzaqlaşdırmaq olar?

Bütün dünyada böyük bir problemə çevrilmiş narkomaniya bəşər tarixinin ən ciddi bəlalarından biridir. Bir çox ölkələrdə daha geniş yayılmış narkomaniya övlad sahibi olan valideynlərin ən ehtiyat etdiyi, ən qorxduğu sahələrdəndir. Çünki statistikaya görə, narkotiklərdən ilk istifadənin əksər halları yeniyetməlik dövründə baş verir. Rəsmi mənbələrin yaydıqları məlumatlarda qeyd olunur ki, narkomaniya xəstəliyinin 70 faizə yaxın halları məhz yeniyetməlik dövründən başlayır. Bu isə bir yeniyetmənin gənc yaşlarından həyatını məhv etməsi deməkdir.

Narkotik vasitələrdən istifadənin insan səhhətinə və həyatın digər sahələrində insana vurduğu ziyan hər kəsə yaxşı məlumdur. Odur ki, “ağ bəla” adlandırılan narkomaniyanın fəsadları ilə yanaşı, bu problemin qarşısının alınması istiqamətində nə edilməli olduğu haqda düşünmək vacibdir.

Rəsmi statistik məlumata görə, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub. Bu narkomanlardan 25 min 139 nəfər dispanser, 4 min 992 nəfər profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var. Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470 nəfəri qadındır.

Narkotik vasitələrdən istifadənin daha çox məhz gənc yaşlardan başladığını nəzərə alaraq Azərbaycanda bunun qarşısının alınması istiqamətində dövlət səviyyəsində böyük işlər görülür. Bugün bir çox dövlət qurumları sözügedən istiqamətdə maarifləndirmə tədbirləri keçirir və gənclərin bu bəladan uzaq qalması üçün müxtəlif işlər aparır. Bu gün Azərbaycan gənci daha çox idmana, sosial fəaliyyətə, elmə, ictimai işlərə maraq göstərir. Çünki ölkəmizdə gənclərin səmərəli fəaliyyəti, həyatda öz yerini tapması üçün yüksək şərait yaradılıb.

Dövlət səviyyəsində aparılan işlərlə yanaşı, yeniyetmə və gənclərin “ağ bəla”dan uzaq olması, bunun fəsadları haqqında maariflənməsi üçün valideynlər, müəllimlər və ictimaiyyət də böyük rola malikdir. Hər bir valideyn övladının şəxsiyyət kimi formalaşması, onun zərərli vərdişlərdən uzaq olması üçün öz məsuliyyətini dərk etməli, yeniyetməlik vaxtlarından gənclərdə bu haqda düzgün fikir formalaşdırmalı və narkomaniyanın fəsadları haqqında geniş məlumatlar verməlidir.

Hələ bir müddət öncə bu haqda SİA-ya açıqlama verən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, narkomaniya ilə mübarizə bütövlükdə dövlətin, cəmiyyətin, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyəti, barışmaz münasibəti formasında aparılmalıdır. Bu sahədə müəllimlərin və valideynlərin üzərinə daha çox məsuliyyət düşür. Bu mənada, uşaq və yeniyetmələrin təlim-tərbiyəsinə, onların sağlam ruhda böyüdülməsinə diqqətin artırılması vacibdir.

Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova da valideynlərin maarifləndirmə işlərinə ciddi yanaşmalı olduqlarını qeyd edib: “Pis vərdişlər sırasında ən öndə gələni narkotik vasitələrin aludəliyidir. Bəzən gənclər problemi çözməyə özlərində güc tapmayanda, belə yollara əl atırlar. Danılmaz faktdır ki, elə şəxslər var ki, bu kimi vərdişlərə yiyələnməyə dəbdəbəli həyatın göstəricisi kimi də yanaşırlar. Valideynlər bu istiqamətdə maarifləndirmə işlərinə daha ciddi yanaşmalıdırlar. Belə hal aşkar edəndə isə, ona təzyiq edib şiddət göstərməkdənsə, bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər. Çünki təzyiq görəndə qarşı tərəf daha çox qadağaya doğru gedir. Bəzən elə olur ki, ailələr gəncləri bu yoldan çəkindirmək əvəzinə, onları öz həyatlarından izolyasiya etməyə çalışırlar. Narkotik vasitələrin istifadəçilərinə həm psixoloji, həm də ailə qayğısı çox önəmlidir. Elə olmayan təqdirdə onlar depresiv vəziyyətə düşür və hətta intihar halına qədər gəlib çıxa bilirlər. Onlara şəxsiyyət kimi yanaşılmayanda, sonluq acı olur".

Onu da qeyd etməliyik ki, ölkəmiz elə bir coğrafi mövqedə yerləşir ki, bir çoxları buradan gizli, qanunsuz, qaçaqmalçılıq vasitəsi ilə narkotik vasitələri keçirib başqa ölkələrə aparmaq istəyirlər. Əgər bu qanunsuz hal baş verərsə, həmin vasitələrin bir qisminin ölkədə qalmaq riski yaranar. Müvafiq dövlət orqanları belə qaçaqmalçılıq cəhdlərinin qarşısının alınması üçün ciddi səylə tədbirlər həyata keçirirlər.

2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

2017-ci ildə respublika daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqədar 2727 (-15,9%), o cümlədən satış məqsədilə 799 (-1,4%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 944,5 (+10,9) kq narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən 175 (-26,5t) tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 78 (+8) cinayətkar qrup yaxalanıb, 122,4 (-16,3%) kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Bu növ cinayət törətmiş 2364 nəfərdən 2078-ni (87,9%-i) işləməyən və oxumayan, 931-ni (39,4%) əvvəllər cinayət törətmiş şəxslər, 25-ni (1,1%) qadınlar təşkil edib.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaydığı statistik məlumata görə, 2018-ci ilin 3 ayı ərzində 263.197,362 qram marixuana, 87.259,777 qram tiryək, 135.722,762 qram heroin, 27.467,44 qram həşiş, 5.984,34 qram və 4490 ədəd həb (Psixotrop maddələr, prekursorlar və digərləri) qanunsuz dövriyyədən çıxarılıb (Cəmi 519 kq 631,681 qram və 4490 ədəd həb).

Bunlarla yanaşı, dövlət tərəfindən yeniyetmə və gənclər arasında müxtəlif maarifləndirmə işləri aparılır və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində fəaliyyət göstərilir.

Sonda bir daha vurğulamaq lazımdır ki, dövlətin bu sahədə apardığı işlərlə yanaşı, valideynlərin övladlarına düzgün istiqamət göstərməsi, təlim-tərbiyəsi ilə ciddi məşğul olması, uşaqlara, yeniyetmələrə və gənclərə narkotik vasitələrin insan həyatını məhv etməsi haqda düzgün və dolğun məlumatlar çatdırması, onların elmə həvəsini artırması gələcəkdə narkomanların sayının azalmasında böyük rol oynayacaq.

Ceyran Əskərova

Yazı Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun "Narkomanlığa qarşı mübarizə" mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Bütün xəbərlər Facebook səhifəmizdə