Pensiya və müavinətlərə yönələn vəsait artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 895,7 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 66,7 mln. manat və ya 8% çoxdur. Vəsaitin 97,9%-i pensiya xərcləri təşkil edib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin üç ayı ərzində əhaliyə 18,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 28,8%-i hamiləliyə və doğuma görə, 32,4%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,9%-i dəfn üçün, 19,9%-i isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.

Bu il aprelin 1-i vəziyyətinə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunda 1 mln. 313,1 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,4%-ni təşkil edir. Onların 58,8%-i yaşa, 29,8%-i əlilliyə, 11,4%-i isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 218,3 manat təşkil edib və orta aylıq əmək haqqının 41%-nə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. Ölkədə vətəndaşların rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2018-ci il mart ayının 1-dən bütün növ sosial müavinətlərin məbləğləri orta hesabla 10% artırılıb.

2018-ci il aprelin 1-i vəziyyətinə 398,6 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 36,2 min nəfər, əlilliyə görə - 161,5 min nəfər, ailə başçısını itirməyə görə - 44,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 73,5 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 54,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 319 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,5 min ailəsinə 17,5 min uşaq üçün aylıq müavinət verilib.

Bundan əlavə, 535 nəfər bir yaşadək uşağa görə 523 ailəyə və beşdən çox uşağı olan 2,9 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.

2018-ci ilin üç ayı ərzində ƏƏSMN tərəfindən 26979 nəfərə, o cümlədən 20687 uşağın doğulmasına görə, 3775 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1793 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 724 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.

Cari ilin aprelin 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 419 nəfər zərərçəkən kompensasiya alıblar.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən 2018-ci il mart ayının 1-dən müxtəlif kateqoriyadan olan şəxslərə təyin olunmuş Azərbaycan Respublikası Prezidenti təqaüdlərinin məbləğləri 10% artırıb.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 1300 manatdan 1500 manata, müxtəlif sahələrdə xidmətlərə görə təsis edilmiş fərdi təqaüdün məbləği isə 1300 manatdan 1450 manata çatdırılıb.

Ümumilikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslərin sayı 61,6 min nəfər olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə