Tələbələrin tərcümə etdiyi film Park Bulvarda nümayiş olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatı dəstəyi ilə Park Bulvarda Koreya Kino Günü keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə Koreya Respublikasının Azərbaycandakı konsulu Ceon Cun Seok, SEBA(Seul-Bakı) Azərbaycan-Koreya mədəniyyət mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova, şöbə müdiri İradə Nəcəfova, eyni zamanda ADU-nun Beynəlxalq Əlaqələr Departamentinin müdiri Nigar Sultanova, rektor məsləhətçisi Anar Osmanlı, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova iştirak edib.

Nigar Sultanova açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və ADU-da fəaliyyət göstərən Koreya Mədəniyyət Mərkəzi barədə qısa məlumat verib. Tədbir konsul Ceon Cun Seokun çıxışı ilə davam edib. O, bu tədbirin ölkələrarası əlaqələrin inkişafı məqsədi ilə keçirildiyini qeyd edib və təşkilatçılara öz təşəkkürünü bildirib.

Rəsmi açılış hissəsindən sonra 2013-cü il istehsalı olan “Coqqu kralı” və 2014-cü ildə lentə alınan “Mənim sevgim, mənim qadınım” adlı Koreya filmləri nümayiş etdirilib. Azərbaycan dilində altyazı ilə nümayiş olunan filmlər Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən tərcümə edilib.

Film nümayişi bitdikdən sonra püşkatma yolu ilə tamaşaçılara kiçik hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə