İdman Akademiyasında “Ekspo 2025” ilə bağlı təqdimat keçirilib FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Bakı EXPO 2025” Əməliyyat Katibliyinin nümayəndələri Akademiyanın tələbələri üçün “EXPO 2025” Ümumdünya Sərgisi haqqında geniş təqdimat keçiriblər. Bu barədə SİA-ya İdman Akademiyasından məlumat verilib.

Akademiyanın prorektoru Rizvan Əliyev qonaqları və tələbələri salamlayaraq, təhsilin dəyişən əmək bazarı şərtləri məzmunundakı rolu haqqında danışdı. Daha sonra, Gənclər və İdman Nazirliyi, Beynəlxalq standartların tətbiqi bölməsinin müdiri, EXPO Səhiyyə Mövzusunun eksperti Məryəm Qafarzadə "Ekspo 2025" in mahiyyəti və önəmi barədə danışıb. M.Qafarzadə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olmasını, Azərbaycanın “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə təmsil olunduğunu deyib. O, Bakı ilə yanaşı Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka şəhərlərinin də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliklərini irəli sürdüklərini, sərginin keçiriləcəyi şəhərin isə bu ilin noyabrında müəyyən olunacağını qeyd edib.

Daha sonra Təhsil Nazirliyinin sektor müdiri, EXPO Təhsil Mövzusunun eksperti Cəsarət Valehli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini, EXPO Məşğulluq Mövzusunun eksperti Rəna Abdullayeva çıxış ediblər. Çıxışçılar Azərbaycanın birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula-1 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, zəngin təşkilatçılıq təcrübəsindən, o cümlədən "Ekspo 2025" in önəmindən bəhs edərək tələbələri layihəyə dəstək olmağa səsləyiblər.

Təqdimat zamanı Azərbaycan və Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış qısa filmlər də nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə