Ekoloji qanun pozuntusu ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, reyd zamanı Neftçala rayonu Xəzər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 114 ədəd yulğun kolunun kökdən çıxarılaraq məhv edildiyi, 588 m3 həcmində qumun qazılaraq aparıldığı, 600 m3 həcmində münbit torpaq qatının korlandığı aşkar edilib.

Araşdırma zamanı təbiətə 50869,84 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı Xəzər bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə