Yaponiyada avtomobilə çevrilən robot düzəldib

Yaponiyanın “Softbank” telekommunikasiya korporasiyanın bölməsi olan “Asratec” şirkəti bir neçə startapla birlikdə avtomobilə çevrilən robotu ictimaiyyətə təqdim edib. Bu barədə “J-deite RIDE” layihəsinin saytında məlumat verilib.

Hündürlüyü 3,7 metr, çəkisi 1600 kiloqram olan robot iki ayağı üstdə saatda 100 metr sürətlə hərəkət edir. Belə zəif sürətlə hərəkət etməsinə baxmayaraq, robot bir dəqiqəyə ikiyerli idman avtomobilinə çevrilir. Bu avtomobil isə saatda 60 kilometr sürətlə hərəkət edir.

Elektromühərriklər vasitəsilə hərəkət edən robotu həm kabinədən əllə, həm də məsafədən pultla idarə etmək mümkündür. Diqqəti cəlb edən başqa bir cəhət isə ondan ibarətdir ki, çevrilmə zamanı avtomobilin kabinəsini tərk etməyə ehtiyac yoxdur.

İxtiraçıları bu robotun yaradılmasına ABŞ istehsalı olan “Transformerlər” fantastik filmi ruhlandırıb. Robotun yaradıcıları əldə edilən nailiyyətlə kifayətlənmək fikrində deyillər və beş metr hündürlüyündə olacaq yeni modeli 2020-ci ilədək yaratmağı planlaşdırırlar. Bu robotların əyləncə mərkəzlərində, avtomobil və robot sərgilərində istifadə ediləcəyi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə