Paytaxt Bakı "Formula-1" yarışlarına start verdi

Ölkəmizin bütün sahələrində, o cümlədən kənd təsərrüfatında, kosmik və hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq arenada qurduğu münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada tanınmasına, söz və nüfuz sahibinə çevrilməsinə səbəb olan amillərdir. Azərbaycan qeyd olunan sahələrlə yanaşı, tolerant və multikultural dəyərlərə malik dövlət kimi də dünyada tanınır. Son illərdə ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransı və onlarla belə beynəlxalq tədbirlər, ölkəmizin qısa müddət ərzində, əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir.

Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.

Bu gün ölkəmizdə möhtəşəm "Formula-1" yarışlarına start verildi. Artıq 3-cü dəfədir ki, paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula-1" idman tarixində yeni maraqlı səhifədir. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılıb. Əminliklə vurğulamaq olar ki, yarışların müvəffəqiyyətlə keçirilməsinə Bakı tam hazırdır. Bu günə qədər yarışların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb.

Ötən il Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200 qədər ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izlədi. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımladılar. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olub, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı

haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan 200-ə yaxın reportaj və material hazırladılar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmadı.

İnsanların televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan, onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə bilirlər. "Formula-1" Azərbaycanı dünyaya tanıtmaq üçün ən yaxşı nümunə kimi dəyərləndirilir. "Formula-1" yarışı ölkəmizin təbliği, eləcə də, turistlərin cəlb edilməsi baxımından, ideal imkanlar yaratmış olur. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Formula-1" kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz: "...ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü də o qədər böyük - milyardlarla vəsait tələb edir. Ancaq "Formula-1" hər il keçirilir".

Təbii ki, "Formula-1" yarışları yüksək standartlara cavab verəcək. Təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir. Bu yarış həm əhəmiyyətinə, həm də ölkəyə turistlərin cəlb edilməsi baxımından vacib tədbirlərdən biri hesab edilir.

Aprelin 27-29-da keçiriləcək yarışlar zamanı əyləncəli proqramlar da təqdim olunacaq. Belə ki, aprelin 27-də səhnəyə "Jamiroquai" qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə "Axwell Ingrosso", aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaqlar. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. Əvvəlki illərdəkindən fərqli olaraq bu il dünya ulduzlarının konsert proqramları "Baku Crystal Hall"da keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar fəaliyyət göstərəcək. Bir daha gözəl yarışlar izlənəcək və hamı Bakı küçələrində sürücülərin mübarizəsinə şahid olacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə