Sabunçu rayonunda oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyi münasibətilə qanvermə aksiyası keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı və Sabunçu rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyi münasibətilə qanvermə aksiyası keçirildi. Artıq on ildir ki, "Qan ver, yaşat" adı altında keçirilən aksiya hər zaman olduğu kimi bu gün də insan izdihamı ilə müşahidə olunurdu.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva görkəmli alim Zərifə xanım Əliyevanın ömür yoluna qısa şəkildə nəzər salaraq, qaranlıq dünyalara nur verən, fitri istedada malik novator alimin keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün örnək, müdriklik məktəbi olduğunu qeyd etdi: "Elm, ədalət, səxavət, səbr, ismət kimi keyfiyyətlər Onun həyat simvoluna çevirildi. Bu dəyərlər içərisində güclü və fədakar oldu. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli nümunəvi yoldur. Müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin həm vəfalı ömür-gün yoldaşı, həm də sədaqətli dostu, etibarlı silahdaşı Zərifə xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin anasıdır. Zərifə xanım Əliyevanın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar və yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir".

YAP Sabunçu rayon təşkilatının sədri onu da bildirdi ki, Zərifə xanım Əliyevanın elmi, tibbi və pedaqoji fəaliyyəti, ictimai fəallığı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilib. Azərbaycan oftalmologiya məktəbinə dəyərli töhfəsini vermiş Zərifə xanımın gənc kadrların hazırlanmasında böyük əməyi olduğunu qeyd edərək, yaşanılan ömür yolunun sərlövhələrinin Onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq

bir simaya çevirdiyini vurğuladı: "Onun yaratdığı məktəb gələcək nəsillərimizə də əvəzolunmaz töhfələrini verəcək və daim Azərbaycan xalqının qəlbində yaşayacaq, xatirəsi uca tutulacaq".

Sonra qanvermə aksiyası başlandı və Sabunçu rayonunu əhatə edən 200 nəfərdən çox partiya fəalı qan verdi. Aksiya iştirakçıları bu nəcib, humanist xarakterli aksiyanın xeyirxah və savab iş olduğunu bildirdilər.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə