Türkiyə və Azərbaycan birliyinin böyük gələcəyi var

Türk dünyasının iki ən aparıcı ölkələrindən hesab edilən Azərbaycan və Türkiyə arasında münasibətlər artıq bölgədə proseslərin inkişaf istiqamətini müəyyən edən əsas faktorlardan sayılır. Tərəflər arasında bu vaxta qədər mövcud olan münasibətlərin daha da möhkəmlənməsi Bakı və Ankaranın imkanlarını daha da artırıb. Bu baxımdan, Prezident İlham Əliyevin Türkiyəyə səfəri xüsusi önəm daşıyır və layiqincə qiymətləndirilir.

Xüsusilə, qeyd etmək lazımdır ki, Cənab İlham Əliyev yenidən Prezident seçildikdən sonra ilk səfərini məhz qardaş ölkəyə- Türkiyəyə edib və Cənab Prezidentin özünün də söylədiyi kimi, həqiqətən də dünyada bir-birinə bu qədər yaxın olan iki ölkə yoxdur. Tarixi köklərə bağlı olan bu münasibətlərin fonunda Türkiyə və Azərbaycan bu gün həm ikili, həm də çoxtərəfli münasibətlərdə əməkdaşlıq edir və bu münasibətlərin bundan sonra daha da möhkəm olacağına zərrə qədər şübhə ola bilməz. Prezident İlham Əliyevin növbəti səfəri, məhz iki qardaş ölkənin əlaqələrini daha güclü səviyyəyə gətirib çıxaracağı deməkdir və nəzərə alsaq ki, Azərbaycan və Türkiyənin dinamik inkişafını gözü götürməyən qüvvələrin sayı indi xeyli artıb, hazırda hər iki ölkənin buna böyük ehtiyacı var.

İki qardaş ölkə Avrasiyanın energetika və nəqliyyat xəritəsini tərtib edir

Bu gün Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrdə Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Regionda reallaşdırılan bütün qlobal iqtisadi layihələrdə Türkiyənin iştirakı vacib hesab olunur. Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən yeni marşrutlar buna əyani sübutdur. Bütün bu layihələrlə yanaşı, digər iqtisadi layihələrin reallaşdırılması istiqamətində görülən işlər, ələlxüsus Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunmasında Azərbaycanla Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi misal ola

bilər və bu sözsüz ki, hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin olunmasına xidmət edir. Ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan və qlobal iqtisadi layihələr kimi dəyərləndirlən Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, TANAP kəmərləri və Bakı-Tibilisi-Qars dəmir yolu layihələri əlaqələrin geniş miqyaslı olduğunu təsdiq edir. Hazırda Azərbaycanın və Türkiyənin bir-birilə münasibətlərinin möhkəmləndirilərək daha da genişləndirilməsi hər iki dövlətin xarici siyasətinin çox mühüm tərkib hissəsi sayılır, daha dəqiq desək, prioritet məsələ hesab olunur. Ekspertlər də belə hesab edir ki, Prezident İlham Əliyevin Türkiyə səfərinə bu rakursdan da yanaşmaq yerinə düşər və bu səfərlə qarşılıqlı əlaqələrin daha da güclənməsi və yeni layihələrin reallaşadırılması istisnalıq təşkil etmir. Nəticə etibarı ilə, bütün bunlar ölkələrimizin həm regionda, həm də dünya miqyasında mövqelərinin daha da güclənməsi baxımından həqiqətən də çox vacibdir.

Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir

Azərbaycan və Türkiyənin regional əməkdaşlığı möhkəmləndirən, bölgədə sabitliyi təmin edən birgə layihələri tərəflərin iradəsi, təşəbbüsü və birliyi sayəsində reallaşdırılıb. Hazırda tərəflərin iştirakı ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib edilir və bu layihələr hər iki tərəfin gücünü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Xüsusilə, vurğulamaq lazımdır ki, birgə həyata keçirilən təşəbbüslər sadəcə olaraq, iqtisadi məna daşımır, təhlükəsizliyi, sabitliyi möhkəmləndirəcəyini nəzərə alınmaqla bunların çox böyük siyasi anlamı var. Avrasiyanın energetika və nəqliyyat xəritəsinin tərtib edilməsi hər iki ölkənin gücünün artırılması deməkdir və bu əslində dünyanın bir sıra güc mərkəzlərinə ölkələrimizin birliyini xatırladan mesajdır.

Hal-hazırda qarşılıqlı sərmayə qoyuluşu artırılır. Bu vaxta qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyuluşu həyata keçirib. Aydın məsələdir ki, yalnız qardaş ölkələrə bu qədər sərmayə qoyula bilər. Hətta, yaxın gələcəkdə TANAP-ın istifadəyə verilməsi, "Star" NEZ-in açılışı, əlbəttə ki, imkanları daha da artıracaq. Nəzərə almaq lazımdır ki, Egey bölgəsinin ən böyük,

Türkiyənin isə 3-cü böyük limanı olan Petlim limanı Azərbaycanın investisiyaları hesabına inşa edilib. Umid edirik ki, yaxın gələcəkdə preferensial ticarət sazişi də imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaq. Gələcəkdə hər iki ölkə üçün bir sıra vacib layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bu layihələrdən biri də ticarətdə milli valyutaya keçiddir. "Star" NEZ-in istifadəyə verilməsindən sonra isə şübhəsiz ki, Azərbaycan Türkiyədə bir nömrəli investor olacaq. Göründüyü kimi, iqtisadi və energetika münasibətlərini inkişaf etdirmək ölkələrimiz üçün strateji prioritet hesab olunur. Türkiyə və Azərbaycanın qardaş ölkə, bir millət - iki dövlət olduğu bütün dövrlərdə öz təsdiqini tapıb və iqtisadi əməkdaşlığın, qarşılıqlı strateji əlaqələrin, işgüzar və mehriban münasibətlərin bu qardaşlığı daha da möhkəmləndirəcəyi günün reallığıdır. Məhz buna görə də, cəsarətlə demək olar ki, Türkiyə və Azərbaycan birliyinin böyük gələcəyi var.

İnam İMRANOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə