Hindistanda Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Hindistanın Sri Sri Universitetində Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində Azərbaycan Xalq (AXC) Cümhuriyyətinin 100 illiyinə həsr edilən tədbir keçirib.

Tədbirdə universitetin prezidenti Rajit Kulkarni, universitetin rektoru Nanda Lal, fənnin tədris olunduğu kafedranın müdiri Pratima Sarangi və tələbələr iştirak ediblər. Azərbaycan multikulturalizmi fənnini Sri Sri Universitetində tədris edən Kənan Məmmədov tədbirdə çıxış edərək, Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi, mövcud olduğu qısa zaman ərzində gördüyü böyük işlər haqqında ətraflı danışıb. K.Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində ölkənin ağır durumu, həmin dövrdə respublika ərazisində erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı və vəhşiliklərdən danışıb, ərazilərimizin təmizlənməsində türk ordusunun əhəmiyyətli yürüşlərini qeyd edib və AXC-nin beynəlxalq əlaqələri, onun süqutunda daxili və xarici amillərin rolu barədə də məlumat verib. Qeyd edilib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə «Multikulturalizmə giriş» və «Azərbaycan multikulturalizmi» fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Prezident İlham Əliyevin «Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq» təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə «Azərbaycan multikulturalizmi» fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edir.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə