110 ilin mübarək, dünya şöhrətli ədib Mir Cəlal Paşayev!

Azərbaycanın görkəmli ədibi, alimi və ustad müəllimi Mir Cəlal Paşayevin 5 cildlik "Seçilmiş əsərləri" 1968-ci ildə onun anadan olmasının 60 illik yubileyi münasibətilə nəşr edilib oxuculara təqdim olunmuşdur.

1968-ci il mənim Azərbaycan Dövlət Universitetinə daxil olduğum ildir. Mir Cəlalın ustad müəllim kimi tələbələr arasında tanınması, universitetdə nüfuzlu şəxsiyyət olması barədə, 50 il bundan öncə, əzizləyib və qoruyub-saxladığım bu "İlk dərsin sevinci" adlı reportajı siz oxuculara təqdim etməyi özümə borc bildim.

Mir Cəlal Əli oğlu Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Ərdəbil kəndində anadan olmuşdur. O, Ərdəbil kəndində yaşayan böyük sahibkar, xeyriyyəçi və kənd əhalisi arasında hörməti olan nüfuzlu Mir Paşa bəyin nəvəsi idi.

Mir Cəlalın atası Əli kişi öz sahibkarı olduğu torpaqları böyük oğlanlarına verir. Mir Cəlalın isə təhsil almaq üçün Gəncəyə gətirir. Onun uşaqlıq və gənclik illəri Gəncədə keçmişdir. 1918-ci ildə atası vəfat edərkən, Mir Cəlalın cəmi 10 yaşı vardı. O, Gəncədə qalıb təhsilini davam etdirmişdir.

1928-ci ildə Pedaqoji Texnikumu bitirən Mir Cəlal Gəncədə və Gədəbəydə müəllimlik etmişdir. 1930-cu ildə Kazan şəhərindəki Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil alır, sonra Azərbaycan Elmi-Tədqiqat İnsitutunun aspiranturasında oxuyur. Mir Cəlal 1933-cü ildən Kirov adına Azərbaycan Dövlət Universitetində ömrünün sonunadək ədəbiyyatşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmış, müəllim kimi fəaliyyət göstərmişdir. Biz tələbələr onu dərin məhəbbətlə sevər və mühazirələrini böyük maraqla dinləyərdik. O, bizə ən çox yazdığı hekayəni kimi "İnsanlıq fəlsəfəsi"nin yollarını öyrənməyi tövsiyyə edərdi.

Mir Cəlal 1940-cı ildə filologiya elmlər namizədi, 1947-ci ildə filologiya elmlər doktoru - professor adını daşımışdır. Onun elmi-tədqiqatları ədəbiyyatşünaslıq elminin ən qiymətli inciləridir. İlk qələm təcrübəsinə hələ texnikumda oxuyanda başlamış, xırda hekayələri, oçerkləri qəzet və jurnallarda dərc edilmişdir.

Mir Cəlal müəllim 6 roman və 450-yə yaxın hekayələri ilə dünyaya pəncərə açmışdır.

O, "Dirilən adam" 1935-ci il, "Bir gəncin manifesti", 1939-cu il, "Açıq kitab" 1941-ci il, "Yaşıdlarım" 1946-cı il, "Təzə şəhər" 1952-ci il, "Yolumuz hayanadır?" 1957-ci ildə qələmə aldığı romanları ilə böyük şöhrət qazanmışdır. Mir Cəlal Paşayevin 100 illik yubileyi vətənimizin hər şəhərində, rayonlarında, kənd məktəblərində və ali təhsil ocaqlarında çox böyük təntənə ilə qeyd edilmişdir. Alim Mir Cəlalın 100 illik yubileyi vətəndən çox-çox uzaqlarda YUNESKO və İSESKO-da təntənə ilə qeyd edilmişdir. Onu da deməliyəm ki, 1935-ci ildə çapdan çıxan "Dirilən adam" romanı Rusiyada rus dilinə tərcümə olunmuşdur.

Mir Cəlalın əsərləri hələ sağlığında bir çox SSR-i xalqlarının dillərində və xarici ölkələrdə nəşr edilmişdir. 1950-ci ildə bir romanı Praqada çex dilində, "Hekayələr" kitabı ilə 1953-cü ildə Buxarestdə rumın dilində çapdan çıxmışdır.

110 ilin mübarək, əziz diplom rəhbərim, çox hörmətli və unudulmaz müəllimim!

40 ildir ki, ADPU-da sənin bədii irsini tələbələrə mənimsədirəm.

Baharda gəlmişdin sən bu dünyaya,

Elmin zirvəsini yüksəltdin aya.

Qiymətini verdin hər tələbənin,

Odur ki, yüksəkdir dəyərin sənin.

Mürsəlova Ofelya,

ADPU-nun pedaqogika kafedrasının baş müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə