Avropada jurnalistlər özlərini getdikcə daha narahat hiss edirlər

Ötən il KİV azadlığı sahəsində vəziyyət ilk növbədə Avropada pisləşib. AZƏRTAC xəbər verir ki, “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı belə qənaətə gəlib. Təşkilat 180 ölkədə vəziyyəti öyrənərək, aprelin 25-də 2017-ci il üçün azad mətbuat reytinqini açıqlayıb. Təşkilatın məlumatına görə, son ildə ölkələrin 42 faizində bu sahədə vəziyyət pisliyə doğru dəyişib.

“Sərhədsiz reportyorlar” təşkilatının nümayəndəsi Katya Qloger deyib: “Demokratiyanın diskussiyalara və tənqidə ehtiyacı var. Jurnalistlərə nifrət hissi yayanlar və bütövlükdə KİV-lərə etimadı şübhə altına alanlar demokratik cəmiyyətin əsaslarını şüurlu şəkildə dağıdırlar”. Onun sözlərinə görə, təəssüf ki, belə hallar Avropa ölkələrində getdikcə daha çox baş verir.

Azad mətbuat reytinqində göstəriciləri kəskin aşağı düşən beş ölkədən dördü Avropada yerləşir: Malta 18 bənd geriləyərək 65-ci yerdə, Çexiya 11 bənd geriləyərək 34-cü yerdə, Slovakiya 10 bənd geriləyərək 27-ci yerdə və Serbiya 10 bənd geriləyərək 76-cı yerdə qərarlaşıblar. Məruzədə deyilir ki, bu dövlətlərdə aparıcı siyasətçilər jurnalistləri təhqir və təhdid ediblər, habelə onları hüquqi təqibə məruz qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə